Azərbaycan yığması Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında növbəti medal qazanıb. Matç.az saytı xəbər verir ki, qızların güləş yarışlarında Şəhanə Nəzərova fərqlənib.

43 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz qrup mərhələsində braziliyalı Heloiza Martinesi 11:0, nigeriyalı Kiristiana Oqunsanyanı 6:0, fransalı Jüstin Viquronu 1:0 hesabı ilə məğlub edib. ABŞ təmsilçisi Emili Şilsona uduzan Şəhanə qrup ikincisi olub.

O, Olimpiadanın 3-cü yer uğrunda qarşılaşmasında monqolustanlı Enjul Batbatarla görüşüb. 7:6 hesabı ilə qalib gələn təmsilçimiz bürünc medala yiyələnib.

Qeyd edək ki, Nəzərova millimizə 4-cü medalı qazandırıb. Onadək cüdoçu Vüqar Talıbov qızıl, ağırlıqqaldıran Tarmenxan Babayev gümüş, taekvondoçu Cavad Ağayev bürünc medal əldə edib. Daha bir idmançımız gimnast Yelizaveta Luzan isə Beynəlxalq Olimpiya Komitəsinin komandasının heyətində çempion olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest