“Keşlə” Azərbaycan kubokunda 25-ci məğlubiyyətini alıb. Matç.az saytı xəbər verir ki, bu uğursuz yubiley 1/4 final mərhələsinin “Qarabağ”la ilk oyununda gerçəkləşib.

Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında çıxış etmiş paytaxt təmsilçisi kubokda 96-cı oyununda 25-ci yenilgisini alıb. Hesabında 49 qələbə olan “Keşlə” 50-ci uğurunu cavab qarşılaşmasında əldə etməyə çalışacaq.

Hesabında 22 heç-heçə də olan bakılılar 158 qol vurub və 95-ni buraxıb. “Keşlə”nin 25 məğlubiyyətindən 8-i evdə, 14-ü səfərdə, 3-ü neytral meydanda qeydə alınıb.

“Keşlə” kimi “Neftçi” də 50-ci qələbənin astanasında qalıb. Düzdü, Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu “Neftçi” üçün yubileylə əlamətdar olub.

Öz meydanında “Sumqayıt”la qarşılaşan paytaxt təmsilçisi kubokda 75-ci ev matçını keçirib. 0:2 hesabı ilə uduzan bakılılar yubileyin ikiqat olmasını rəsmiləşdirə bilməyib. Belə ki, öz meydanında 49 qələbəsi olan “Neftçi” 50-ci uğurunu təxirə salıb.

75 ev oyununda 14 heç-heçəsi olan “ağ-qaralar” doğma divarlar arasında 12-ci dəfə uduzub. Bu görüşlərdə 150 qol vuran “Neftçi” 48 top buraxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest