Azərbaycan yığması Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında ilk medalını qazanıb. Matç.az saytı xəbər verir ki, ilk mükafatı çempion adına yiyələnən cüdoçu Vüqar Talıbov qazanıb.

66 kq çəki dərəcəsində çıxış edən idmançımız yəmənli Əhəd Əl-Saqir və tacikistanlı Cəmsiş Suleymoniyə qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında Dominikan Respublikasından olan Antonio Tornalı məğlub edən Vüqar həlledici döyüşə vəsiqə qazanıb. O, finalda rusiyalı Abrek Naquşevə qalib gəlib.

Qeyd edək ki, digər cüdoçumuz Vüsalə Kərimova (44 kq) 7-ci yerlə kifayətlənib. O, bolqarıstanlı Aleksa Georgiyevanı məğlub etsə də, 1/4 finalda xorvat Anna-Mariya Puljisə uduzub. Təsəlliverici döyüşdə butanlı Yanqçen Vanqmo üzərində qələbədən sonra Kərimova kosovolu Erze Muminoviqə yenilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest