Prezident İlham Əliyev Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Matç.az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama əsasən, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat məbləğində mükafat veriləcək. Olimpiadada ikinci yeri tutan hər bir idmançıya və məşqçiyə müvafiq olaraq, 30 min və 15 min manat məbləğində mükafat nəzərdə tutulub. üçüncü yeri tutan idmançı 20 min, onun məşqçisi isə 10 min manat məbləğində mükafatlandırılacaq.

Bundan başqa, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) prezidentinin sərəncamına əsasən, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yüksək nəticələrə görə MOK-un mükafatlarının məbləği də müəyyənləşib. Belə ki, birinci yeri tutan hər bir yeniyetmə idmançıya 25 min manat, onun məşqçisinə 12,5 min manat mükafat veriləcək. İkinci yerə layiq görülən idmançı 15 min manat, onun məşqçisi 7,5 min manat məbləğində mükafatlandırılacaq. üçüncü yeri tutan hər bir yeniyetmə idmançıya 10 min manat, onun məşqçisinə isə 5 min manat məbləğində mükafat nəzərdə tutulub.

Hər iki sərəncama əsasən, komandanın baş məşqçisi idman növü üzrə ən yüksək nailiyyət göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə) mükafatlandırılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest