"Uzun səyahət oldu. Hər şey yaxşıdır. Az sonra meydana çıxıb məşq edəcəyik. Məşqdən sonra iclas olacaq". 
 
Matc.az saytının məlumatına görə, bu fikirləri İrlandiyanın "Dandolk" klubunun baş məşqçisi Vinni Pert "Qarabağ" ilə keçirəcəkləri UEFA çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu ərəfəsində deyib. 
 
43 yaşlı mütəxəssis "Dalğa Arena"da baş tutan mətbuat konfransında bildirib ki, "Qarabağ" daha yaxşı vəziyyətdədir: "Bizim arzumuz var. Onlara qarşı rəqabət aparmaq istəyirik. Növbəti mərhələ üçün əlimizdən gələni edəcəyik".  
 
Məşqçinin sözlərinə görə, Ağdam təmsilçisi topa daha çox nəzarət edən tərəf olacaq: "Daha keyfiyyətli hücumlar etməyə çalışacağıq. Bundan öncəki mərhələdə penalti seriyasında qalib gəldiyimizi nəzərə alsaq, bizdə təcrübə var. Sabahkı matçın taleyi 90 dəqiqə ərzində həll olunacaq". 
 
Pert çempionatda və ölkə kubokundakı matçlarının təxirə salınmasına da toxunub: "Kifayət qədər güclü balanslı heyətimiz var". 
 
Qeyd edək ki, iyulun 31-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Dandolk" matçı saat 21:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest