Davide Nikola "Kremonese"nin yeni baş məşqçisi olub.

Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Nikola ilə 2 illik müqavilə imzalanıb. O, ötən mövsüm komandanı pley-offdan elitaya yüksəltməyi bacaran Covanni Stroppanı əvəzləyib. "Kremonese" Stroppa ilə iyunun 13-də yollarını ayırıb.

52 yaşlı mütəxəssis ötən yaydan çalışdırdığı "Kalyari"dən iyunda ayrılıb. Onun rəhbərliyi altında komanda 2024/25 mövsümünü 36 xalla A Seriyasının turnir cədvəlində 15-ci pillədə başa vuraraq, B Seriyasına düşməkdən yayına bilib.

Qeyd edək ki, Nikola İtaliya futbolunda komandaları aşağı liqadan xilas edən əsas mütəxəssislərdən biri kimi tanınır. O, çətin vəziyyətlərdə "Krotone", "Torino", "Salernitana" və "Empoli"ni aşağı liqaya düşməkdən xilas edə bilib. Nikola həmçinin "Lumezzane", "Livorno", "Bari", "Udineze" və "Cenoa" klublarında çalışıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest