Misli Premyer Liqasının 10-cu turunda “Neftçi” səfərdə “Şamaxı”nı 3:2 hesabı ilə məğlub edib. Matc.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Yuri Vernidub qarşılaşmadan sonra oyunu dəyərləndirib.
Ukraynalı mütəxəssis komandasının həm hücumda, həm də müdafiədə yaxşı təsir bağışladığını bildirib:
“Fikrimcə, pis oyun olmadı. Həm hücumda, həm müdafiədə yaxşı oynadıq. Bilirdik ki, ‘Şamaxı’ heç də asan rəqib deyil. Qələbə qazanmaq üçün çox çalışmalı olduğumuzu anlayırdıq. İlk 5-7 dəqiqədə rəqib yaxşı hücumlar qurdu və qol vəziyyətləri yaratdı. Sonradan toparlandıq və standart vəziyyətdən fərqləndik.
Fasilədə futbolçulara təzyiqi və intensivliyi artırmağı tapşırdıq. Heç bir halda xal itirə bilməzdik. İkinci hissədəki oyunumuzdan xoşum gəldi. Rəqibin çox fürsəti olmadı. Dəyişikliklər etdik və bu, işə yaradı. Adeleke Akinyemi üçüncü qolu vurdu.
Şamaxıda oynamaq çətindir. Bura orta dağlıq ərazidir. Futbolçular deyirdilər ki, sanki oksigen çatmır. Bu, normal haldır. Əsas odur ki, qalib gəldik. Azarkeşlərimizə təşəkkür edirəm. Bizi çox gözəl dəstəklədilər. Onların qarşısında baş əyirik”.
Qeyd edək ki, bu qələbə ilə “Neftçi” aktivinə növbəti üç xalı yazdırıb.













