İtaliyalı mütəxəssis Antonio Konte “Mançester Yunayted”in baş məşqçisi postuna mümkün təyinatı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Matc.az xəbər verir ki, təcrübəli çalışdırıcı hazırda heç bir klubla ciddi danışıqlar aparmadığını açıqlayıb.
Konte sosial şəbəkə hesabında paylaşdığı bəyanatda gələcək karyerası ilə bağlı qərar vermək üçün özünə vaxt ayırmaq istədiyini vurğulayıb.
“İtaliya və beynəlxalq mediada son vaxtlar yayılan xəbərləri nəzərə alaraq, mövqeyimə aydınlıq gətirməyi zəruri hesab edirəm. Adım müxtəlif klublarla hallansa da, hazırda heç biri ilə ciddi danışıqlar aparılmır. “Napoli”də keçirdiyim uğurlu dövrdən sonra məşqçilik fəaliyyətinə necə və nə vaxt qayıdacağım barədə düşünmək üçün özümə vaxt ayırmaq istəyirəm. Klublardan xüsusi maliyyə şərtləri tələb etdiyim, tam nəzarət istədiyim və ya xarakterimə görə narahatlıqların yarandığı barədə iddialarla da qarşılaşmışam. Bunlar əsassız fikirlərdir və hazırda heç bir faktiki əsasa söykənmir. Konkret təklif yaranacağı təqdirdə, həmin klubla danışıqlara başlamaq və mümkün əməkdaşlığın şərtlərini müzakirə etmək olar” – deyə, Konte bildirib.
Qeyd edək ki, Antonio Konte 2024-cü ildən “Napoli”yə rəhbərlik edib. İtaliyalı mütəxəssisin gələcək karyerası ilə bağlı qərarının nə vaxt veriləcəyi hələlik məlum deyil.













