2026-cı il dünya çempionatının qrup mərhələsində keçirilən Uruqvay - Kabo-Verde matçında dünya futbolu üçün unikal və tarixi bir hadisə qeydə alınıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Opta" statistika portalı yayıb.
Qarşılaşmanın start heyətində yer alan Fernando Muslera (Uruqvay) və Vozinya (Kabo-Verde) dünya çempionatları tarixində eyni matçda qarşı-qarşıya gələn 40 və ya daha yuxarı yaşda olan ilk qapıçı cütlüyü olublar.
Təcrübəli qapıçılardan uruqvaylı qolkiper ad gününü iyunun 16-da qeyd edib, Kabo-Verde yığmasının çərçivə qoruyucusu isə rəqibindən cəmi iki həftə böyükdür. Gərgin keçən və 2:2 hesablı heç-heçə ilə başa çatan bu qarşılaşmada hər iki veteran qapıçı qapısını toxunulmaz saxlaya bilməyib.
Qeyd edək ki, Kabo-Verde millisinin qapıçısı Vozinya dünya çempionatının əsas ulduzlarından birinə çevrilib. İspaniya ilə qolsuz (0:0) başa çatan ilk tur matçındakı möhtəşəm performansından sonra təcrübəli oyunçunun sosial şəbəkəsindəki izləyici sayı qısa müddətdə 50 mindən 15.3 milyona yüksəlib.













