"Nədənsə VAR həmin epizodda ofsayd xəttini göstərmədi. Hər matçda göstərirdi, bu matçda göstərmədi".
Bu gün Misli Premyer Liqasının XVIII turu çərçivəsində "Qarabağ" doğma meydanda "Turan Tovuz"u 1:0 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb:
- İlk növbədə "Qarabağ"ı avrokuboklardakı uğurlu çıxışına görə təbrik etmək istəyirəm. Bu bütün Azərbaycan futbolunun uğurudur. "Qarabağ" da lider kimi layiqincə bizi təmsil edir. Bu gün keçirilən matç barədə isə onu deyə bilərəm ki, ikinci hissədəki çıxışımızdan müəyyən qədər razı qaldım. Ümumilikdə isə məyusedici bir məğlubiyyət oldu. Sonda imkanlarımız var idi, lakin bacarmadıq.
- Buradan xal və ya xallarla qayıtmaq üçün nə çatmadı?
- İlk hissədə istədiyimiz oyunu göstərə bilmədik və istədiklərimizi reallaşdıra bilmədik.
- "Qarabağ"ın vurduğu qoldan sonra məşqçilər heyəti olaraq narazılığınız oldu. Bu nə ilə bağlı idi?
- Oyundan kənar vəziyyəti ilə bağlı idi etirazımız. Nədənsə VAR həmin epizodda ofsayd xəttini göstərmədi. Hər matçda göstərirdi, bu matçda göstərmədi. Bu, məğlub olduğumuza görə bəhanə deyil.
- Stadionunuzun hazır olmaması, və bu yerdəyişkənlik oyununuza təsir edirmi?
- Təbii ki, təsir edir. Öz meydançamız hazır olanda, azarkeşlərimizlə birgə daha yaxşı nəticə verə bilərik.
- Yeni hücumçunuzdan gözləntiləriniz nədir?
- Vaxt lazımdır. Düşünürəm ki, bizə köməklik göstərəcək.












