"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"ya qarşı keçirdikləri oyundan sonra keçirilən mətbuat konfransında iştirak edib.

Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis səfərdə qazanılan tarixi qələbə ilə bağlı fikirlərini bildirib.

"Futbolçularımı təbrik edirəm. Yaxşı oyunla, yaxşı qalibiyyət əldə etdilər. Elə bir oyun idi ki, məğlub da ola bilərdik. Çünki oyuna kimi üstünülük rəqib tərəfdə idi. Hətta ilk hissənin əvvəllərində 2 top fərqi ilə geridə qaldıq. Oyunu çevirmək heç də asan görünmürdü, amma futbolçularımdakı inam, oyundan çıxmamaq və vurduğumuz ilk qol bizə qalibiyyəti əldə etməyə kömək oldu.

Bu o demək deyil ki, bu gün biz qalib gəldik, "Benfika" bizdən zəif idi, qətiyyən yox. "Benfika" taktiki baxımdan çox ağıllı futbol oynayan bir kollektivdir.

Çox böyük bir qalibiyyət əldə etdik. Bu, Azərbaycan futbol tarixində, bizim klubu tarixində Çempionlar Liqasında ilk qalibiyyətdir. Bir daha futbolçularımı və azərbaycanlıları təbrik edirəm. "Benfika"ya qarşıdakı oyunlarda uğurlar arzu edirəm.

Son vaxtlar futbol artıq elə bil səviyyəyə çatıb ki, burada asan rəqib olmur. Mən futbolçulara ilk dəqiqədən etibarən demişdim ki, bu oyundan həzz almalıyıq. Çünki bu, Çempionlar Liqasının qarşılaşması idi. Oyunçularımın üzərinə gedirdim ki, biz daha cəsarətli olmalıyıq. İstənilən nəticədə biz öz oyunumuz axtarıb tapmalı idik. Səhvlər gözlənilən idi, çünki qarşımızda güclü komanda var idi. Bununla belə, öz oyunumuzu itirmədik". 

Qeyd edək ki, "Benfika" – "Qarabağ" qarşılaşması təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest