“İmişli” rəhbərliyi etdiyi uşaq səhvinə görə utanmaq əvəzinə hərbə-zorba gəlir, təzyiq göstərməyə çalışır. Görünür, artıq futbolda neçə nəfərin meydana çıxdığını öyrəniblər, indi onlara başqa dərsləri vermək lazım olacaq. Bu gedişlə 1-2 ilə hər şeyi öyrənib AFFA prezidentliyinə də iddia edə biləcəklər.
“İmişli” rəhbərliyi etdiyi uşaq səhvinə görə utanmaq əvəzinə hərbə-zorba gəlir, təzyiq göstərməyə çalışır. Görünür, artıq futbolda neçə nəfərin meydana çıxdığını öyrəniblər, indi onlara başqa dərsləri vermək lazım olacaq. Bu gedişlə 1-2 ilə hər şeyi öyrənib AFFA prezidentliyinə də iddia edə biləcəklər.
Bölgə klubu Misli Premyer Liqasının 4-cü turunda Qubada “Sumqayıt”ı 1:0 hesabı ilə yensə də, qaydaları pozduqları üçün texniki məğlubiyyət alacaqlar. Komanda adı protokolda olmayan İbrahim Əliyevi meydana buraxmaqla bu aqibəti özü üçün hazırlayıb.
Lakin “İmişli”nin icraçı direktoru Aqşin Mürsəlov “Report”a açıqlamasında ağıl öyrətməyə çalışıb. O, xoşagəlməz hadisəni bu cür şərh edib: “İbrahim Əliyevin adı protokolda olmasa da, bütün tərtib olunan siyahılarda yer alıb. Araşdırıb baxsınlar, bu futbolçunun heç bir cəzası və meydana çıxmaqla bağlı qadağası yoxdur. Sadəcə, yekun heyət göndərilərkən, onun adı düşməyib. Fikrimcə, həmin vaxt internetdə yaranan problemə görə belə hal yaşanıb. Təəssüf hissi keçiririk. 90 dəqiqə ərzində qalib gəldiyimiz matça görə 0:3 hesablı texniki məğlubiyyət almaq istəmirik. Belə bir hal baş verərsə, apellyasiya şikayəti verəcəyik. İstəyimiz odur ki, məsələyə ədalətli baxılsın. Bu bir qəza idi, baş verdi”.
Hörmətli Mürsəlov öz səhvinə görə az qala başqalarını ittiham edir. Səriştəsizliyindən, işini düz görə bilməməsindən utanıb ayıbına kor olmaqdansa, qələbədə əziyyət çəkən insanlardan, azarkeşlərdən üzr istəməkdənsə, qabaqdangəlmişlik edir. Əgər adın tərtib olunan bütün siyahılarda olması kifayət edirsə, o zaman “matçın iştirak ərizəsi” nə üçündür? Yoxsa “İmişli”yə görə ümumiyyətlə protokol doldurmaq da ləğv edilməlidir?
Aqşin bəy deyəsən, peşəkarlığın nə olduğunu hələ anlaya bilməyib, məhəllə futbolunda, ya da “dır-dır” səviyyəsində qalıb. Elə bilir ki, klubun ştat cədvəlində olan hər kəs istədiyi vaxt meydana çıxa bilər. Bu adam klub prezidentinin, mətbuat katibinin, inzibatçının da meydana çıxmaq hüququ olduğunu iddia etsə, təəccüblənməm.
Əslində, “İmişli” rəsmilərinin belə ayaq açmasında indi az qala ittiham etdikləri AFFA-nın, PFL-in günahı var. Bölgə təmsilçisi stadion tapmadı, Şamaxıya göndərdilər; doğma rayonda arenanı təmir etmədilər, Qubaya getmələrinə şərait yaradıldı; burada meydan bərbaddır, ona da göz yumurlar; uşaq komandası saxlamaq istəmədilər, bir illik güzəşt verildi. Güzəştə, ikili standarta o qədər vərdiş ediblər ki, hətta futbol qanunlarının onların istəyinə uyğun dəyişməsini də istəyə bilərlər.
Mürsəlovun bəhanəsi isə “İmişli”yə növbəti cəza kəsilməsinə də səbəb olmalıdır. Klub rəsmisi iddia edir ki, olay həmin vaxt internetdə yaranan problemə görə olub. İnternetdə problem varsa, bu da meydan sahibi kimi məhz imişlililərin günahıdır. Mətbuat işçiləri debütant komanda olduğu üçün belə problemlərə anlayışla yanaşır, etiraz etmir. Lakin klub rəsmisi özləri həll etməli olduğu problemi qayda pozuntusuna səbəb kimi göstərməyə çalışırsa, AFFA apellyasiya şikayətindən sonra onların cəzasını daha da artırmalıdır.
Mürsəlov davam edir: “İstənilən halda, məsuliyyət mənə aiddir. Protokol hazırlanır və ən sonda mənə gəlir, mən də baxdıqdan sonra təsdiq verirəm. Yenə deyirəm, belə bir hal yaşanmamalı idi. Baş veribsə, məncə, ədalətli yanaşılmalıdır. Bu, bilərəkdən baş verməyib. Üstəlik, həmin futbolçunun heç bir cəzası yoxdur. Sadəcə, yanlışlıqla adı siyahıya salınmayıb”.
Cənab Aqşin bəyin istəklərini nəzərə alıb istənilmədən baş verən bütün səhvləri bağışlamaq lazımdır. Eyni məntiqlə, məsələn, bəhs edilən oyunda topu istəmədən öz qapısına göndərən Mehdi Cənnətovun səhvi də bağışlanmalı, qol hesaba alınmamalıdır… Bunlar nə yeyir, nə içirlər görəsən? Əfv komissiyasında işləməli olan kadrlardır, gəlib futbol təsərrüfatında ziyan olurlar.
İmişlililər elə bilir ki, hay-küy salmaqla vəziyyəti dəyişəcəklər. Ona görə bir neçə tərəfdən hücuma keçiblər. Milli Məclisin 82 saylı İmişli – Saatlı seçki dairəsindən deputatı Səyyad Aranın sportnet.az-a açıqlamasından bunu hiss etmək olur. Futboldakı qaydalardan bixəbər millət vəkili klubun vəkili kimi danışıb: “Qoy, yenidən sənədləri yoxlasınlar, İbrahim Əliyevin orada adının olub-olmamasına aydınlıq gətirsinlər. İlkin sənədlərdə adı varsa, texniki məğlubiyyət vermək, komandanın əziyyətini bu dərəcədə yerə vurmaq olmaz. Həm də klub rəhbərliyi belə bir səhv etdiyinə inanmıram. Çünki onlar adı protokolda olmayan oyunçunun “lipa” sayıldığını bilirlər. Onu etməzlər. Texniki məğlubiyyət tam ədalətsizlik sayılacaq. Sənədləri yoxlamaq lazımdır. Əvvəlki sənədlərdə adı varsa, deməli, komandanın oyunçusudur. Çöldən gətirib kimisə qoymaq uşaq səhvi olar, bunu heç kim etməz. Komandanın əməyini bu dərəcədə puça çıxarmaq yolverilməzdir. O boyda yanlışlığı komandanın qos-qoca baş məşqçisi və klub rəhbərliyi etməz”.
Açıqlamasından hiss olunur ki, Səyyad bəy başqa dalğadadır, sadəcə, seçicilərinə xoş olsun deyə danışıb. Danışsın da…
Futbolinfo.az