“Mançester Yunayted” və “Yuventus”un sabiq yarımmüdafiəçisi Pol Poqba diskvalifikasiya dövründəki həyatı barədə danışıb. Matc.az xəbər verir ki, fransalı futbolçu çətin dönəmdə yanında yalnız ailəsinin olduğunu deyib.
Poqba dostlarının onu yalnız qoyduğunu sözlərinə əlavə edib: “Mançester Yunayted”də ilk dəfə böyük maaşımı aldığım zaman çox xoşbəxt idim. Atamın yanına getdim və o mənə dedi: “Oğlum, pullarını boş yerə xərcləmə. Ziyafət bitəndə qonaqlar gedəcək, sən isə tək qalacaqsan”. Mən o vaxt bu sözləri tam anlamırdım. Amma problemlərlə qarşılaşanda gördüm ki, əvvəllər hər dəfə yanıma gələn dostlar artıq mənimlə maraqlanmırlar. İndi isə yanımda yalnız ailəm var. Həyat belədir”.
Qeyd edək ki, 2023-cü ildə dopinq testi müsbət çıxdıqdan sonra Poqba futboldan uzaqlaşdırılıb. Onun diskvalifikasiyası bu ay başa çatıb.