Azərbaycan milli komandasının sabiq müdafiəçisi Zaur Həşimovun matc.az saytına müsahibəsi

- Bu yaxınlarda millinin baş məşqçisi təyin olunan Fernandu Santuşdan nə gözləyirsiniz? Sizcə, portuqaliyalı mütəxəssis yığmamızı uğura daşıya biləcək?

- Santuşun təyinatı hamı kimi, mənim üçün də gözlənilməz oldu. Düzü, onun təyinatından sonra millidən gözləntilərim elə də dəyişmədi. Bilirik ki, Santuşun qarşısına AVRO-2028-in final mərhələsində iştirak etmək məqsədi qoyulub. Əlbəttə, yığmanın iş prosesində hansısa dəyişikliklər olacaq. Sadəcə, bu dəyişikliklərin onun qarşısına qoyulan hədəfə çatmaq üçün yetərli olub-olmayacağını deyə bilmərəm.

- Santuşun rəhbərliyi altında yığmamızdan hücum futbolu gözləyirsiniz, yoxsa Berti Foqts, Canni de Byazi kimi, o da müdafiəyəmeylli futbola üstünlük verəcək?

- Bu məsələdə rəqiblərin kimliyi rol oynayır. Santuş həmişə TOP-komandalarda çalışıb. İşlədiyi komandalar bir nömrə ilə oynayıblar. İndi onu daha çətin sınaq gözləyir. Millimizdə hansı futbola üstünlük verəcəyini yaxın zamanda biləcəyik.

- Millinin hazırkı heyətini son illərin ən güclüsü adlandıranlar da var, bununla razılaşmayanlar da. Siz bu barədə hansı fikirdəsiniz?

- Hazırkı yığma komandamızda istedadlı futbolçular var. Onların arasında “Qarabağ”ın heyətində avrokuboklarda mütəmadi çıxış edən futbolçular da qərarlaşıb. Bir neçə legioner oyunçumuz da var. Onlara inanmaq lazımdır.

- Qonşumuz Gürcüstanın yığma komandası tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanmaqla yanaşı, AVRO-2024-də qrupdan çıxmağı da bacardı. Amma biz hələ də yerimizdə sayırıq. Futbolda nə üçün gürcülərdən geri qalırıq?

- Gürcülərin futbola yanaşması bizdən fərqlidi. Bu, tam başqa bir mövzudu. Uşaq futbolundan tutmuş, legioner oyunçularının sayınadək onlardan geriyik. Hazırkı heyətlərində yalnız bir futbolçu Gürcüstan çempionatında çıxış edir. Onların çempionatında süni örtüklü meydançalarda oynamaq qadağandı. Çox amil sadalaya bilərik.

- Yaxın gələcəkdə Azərbaycan yığmasının da Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacağına inanırsınız, yoxsa bunun üçün hələ uzun müddət gözləməli olacağıq?

- Bilirsiniz, bir dəfə uğur ola bilər. Amma təməl olmasa, bu uğur mütəmadi ola bilməz. Biz futbolda sıfırdan başlamalıyıq. İlk növbədə, komandaların məşq bazaları olmalıdı. Futbol akademiyaları tam anlamı ilə çalışmalıdılar. Bacardıqca ölkə xaricinə daha çox gənc oyunçu çıxartmalıyıq. Bunlar futbolun inkişafı üçün vacib məsələlərdəndi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest