21 İyun 2024, 00:46
FUTBOL
Avro-2024-ün qrup mərhələsinin ikinci turu çərçivəsində İngiltərəyə qarşı keçirilən oyun Danimarka millisinin kapitanı Kristian Eriksen üçün əlamətdar olub.
Matc.az xəbər verir ki, 1:1 hesabı ilə yekunlaşan görüşdə Eriksen 132-ci dəfə milli formanı geyib. Bununla da 32 yaşlı yarımmüdafiəçi Danimarka yığmasının tarixində ən çox oyun keçirən Simon Kyaerə çatıb. Avropa çempionatı üçün heyətə daxil edilsə də, geridə qalan 2 matçda Kyaer meydana çıxmayıb. Odur ki, artıq növbəti turda Eriksen Danimarka millisinin heyətində ən çox oyun keçirən futbolçu ola bilər.
Xatırladaq ki, Danimarka millisi Avro-2024-ün qrup mərhələsinin son turunda iyunun 25-də Serbiya ilə üz-üzə gələcək.