Azərbaycan yığmasının sabiq futbolçusu, II Liqada çıxış edən “Kür-Araz”ın yarımmüdafiəçisi Ramazan Abbasovun matc.az saytına müsahibəsi
- “Kür-Araz”ın II Liqada tutduğu yer sizi qane etdi, yoxsa daha yuxarı pillələrdə ola bilərdiniz?
- Yeni yığılmış komanda üçün pis nəticə olmadı. Göstərdiyimiz oyuna görə isə liqanın ən yaxşılarından idik. Düşünürəm ki, bu baxımdan ilk “3-lüy”ə layiq idik.
- Azərbaycan milli komandasının Albaniya və Qazaxıstanla yoldaşlıq oyunlarında göstərdiyi futbol ürəyinizcə oldu?
- Yoldaşlıq matçlarında əksər komandalar öz oyunlarını tam göstərə bilmirlər. Bu, danılmaz faktdı. Millimiz Albaniya və Qazaxıstanla görüşlərdə pis təsir bağışlamadı. Yığmamızın nəyə qadir olduğunu qrup oyunlarında dəqiq biləcəyik.
- Sizcə, millimiz yeni baş məşqçisi Fernandu Santuşun rəhbərliyi altında bizi sevindirə biləcək?
- Hər şeyi zaman göstərəcək. Santuş tanınmış mütəxəssisdi, Portuqaliyanı Avropa çempionu edən məşqçidi. Onun uğurlarından hər birimiz xəbərdarıq. Əsas məsələ bizim millidə işinin necə alınmasıdı, bunu isə zaman göstərəcək.
- Qonşumuz Gürcüstanın yığma komandası AVRO-2024-də iştirak edir. Nəvaxtsa Azərbaycan millisi də eyni uğura imza ata biləcək?
- Gürcüstanın əksər futbolçuları Avropa klublarında, ölkə xaricində oynayırlar. Bunun hesabına bu gün Avropa çempionatında iştirak edirlər. Nə qədər ki, azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaqlar, böyük turnirlərə vəsiqə qazanmaq şansımız olmayacaq. Bu gün milli çempionatımızın səviyyəsi aşağıdı. “Qarabağ”ı çıxmaq şərtilə, hansısa klubumuzun Avropa Liqası və ya Konfrans Liqasının qrup mərhələsinə yüksələcəyinə inanmıram. 1-2 mərhələ keçirlər, sonra uduzub qayıdırlar. Bu da çempionatımızdakı legionerlərin səviyyəsindən irəli gəlir.
- AVRO-2024-də kimin qalib olacağını düşünürsünüz?
- İspanlara azarkeşlik edirəm. Gənc heyətləri var. Məncə, İspaniyanı finalda görə bilərik.