Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "ShamkirChess 2019" turnirində ikinci partiyada da heç-heçə oynayıb. Matc.az xəbər verir ki, Məmmədyarov bu dəfə milli komandadakı həmkarı Teymur Rəcəbovla xalı yarı bölüb.

Mətbuat konfransında Şəhriyar oyunu haqqında bunları deyib: "Heç-heçə qaçılmazdı. Son günlər hamı şahmatda heç-heçələrin çoxaldığını deyir. Kənardan danışmaq asandı. Bu oyunun içində olanda görürsən ki, qələbəyə oynamaq mümkün olmur. Bəzən 4-5 saat oynadığın partiyada qələbə görünmür. Ona görə heç-heçələr barədə FİDE düşünməlidi. Əslində isə şahmatçıların öhdəsinə buraxmaq lazımdı. Heç-heçə istəmirlərsə qaydaya dəyişiklik etsinlər. Stavangerdə keçirilən mötəbər yarışda heç-heçəyə imkan verilmir. Əgər oyun bərabər başa çatarsa şahmatçılar əlavə blitsdə qalibi müəyyənləşdirir".

Daha sonra Şəhriyar Məmmədyarov milli komandanın üzvlərinə qarşı mübarizə aparmağın çətinliyindən danışıb: "Bizi illərin münasibəti bağlayır. Mentalitetlə bağlıdı. Millidə hamımız bir ailəyik. Təsəvvür edin, lazım olanda debütlərimizi bölüşürük. Teymurla aramızda sirrimiz yoxdu. Teymurun mənə kömək etdiyi yarışlar olub. Bəzən bildiyim debütlə komanda yoldaşlarımla bölüşmüşəm. Belə halları digər komandalarda görmək mümkün deyil. Onlarda hamısı bir-birinə rəqib kimi yanaşır. Azərbaycan millisində uğur qazandığımız yarışlarımız, qalibiyyətlərimiz olub. Uzun illər millidəyik və bu adi münasibət deyil. Bir neçə il əvvəl Eltacla Şəmkirdə oynayanda mənə qələbə çox vacib idi. Udmalıydım, üstünlüyüm olduğu partiyada səhv etdim, güclə düzəltdim. Amma qalib gəlmək fikrində olmuşam. ümumilikdə etiraf etməliyəm ki, milli komandanın üzvlərinə qarşı uduşa oynaya bilmirəm. Dost olduğum həmkarıma qarşı prinsipiallıq hiss etmirəm. Düzdü, həmişə belə olmur".

Şəhriyar Məmmədyarov bu il də klublar arasında Avropa Kubokunda iştirak edəcəyini bildirdi: "çox maraqlı təklif almışam. Klubun adını hazırda açıqlaya bilmərəm. İddialı klubun heyətində görəcəksiniz məni".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest