"Sıx qrafikdəyik. Təbii otdan süniyə keçmək də bizim kimi komanda üçün ağırdı. Buna baxmayaraq, ilk dəqiqədən sona kimi komanda oyundan qopmadı. Layiqli qələbə ilə finala adladığımızı düşünürəm". Matc.az saytı xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Səbail" üzərində qazanılan 1:0 hesablı qələbəni dəyərləndirərkən deyib.
 
43 yaşlı mütəxəssis ikinci hissədə tempin aşağı düşməsini hesabla və rəqibin meydanda azlıqda qalması ilə əlaqələndirib: "İkinci hissədə həm hesab, həm də rəqibin azlıqda qalması tempin aşağı düşməsinə kömək etdi. İndi elə durumdayıq ki, finala vəsiqəni qeyd eləməyə vaxtımız da yoxdu. "Səbail"lə qarşıdakı çempionat görüşü də bizi düşündürür. Komanda şəklində fikrimizi əsasən həmin matça yönəldəcəyik".
 
O, eyni rəqiblə ardıcıl üç dəfə üz-üzə gəlməyin yorucu olmadığını söyləyib: "Amma kollektivə hər nə qədər yeni nəsə verməyə çalışsaq da, hər iki komanda artıq bir-birini oxuyub. İndi Qəbələdə bizi ağır görüş gözləyir. Qələbə qazanmaq üçün həmin qarşılaşmada da əzmkarlıq göstərməliyik".
 
Baş məşqçi ikinci hissədə bir epizodda rəqib oyunçularla mübahisəyə girişən israilli yarımmüdafiəçi Abu Akalın hərəkətini normal qarşılayıb: "Yarımfinal oyununda futbolçuların aqressiv olmasını normal qarşılamaq lazımdı. Hamı görüşə çox yaxşı köklənmişdi. Abu Akal da emosional oyunçudu. Bu səbəbdən onun həmin an əsəbləşməsini normal hesab edirəm".
 
"Ardıcıl qələbələrin komandada arxayınlıq yaratmasından qorxmursunuz", - sualını Baxşıyev belə cavablandırıb: "Məşqçi qorxursa, işləməməlidi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest