"Sumqayıt" klubunun kapitanı Vurğun Hüseynovun matc.az saytına müsahibəsi

- Komandanız çempionatın son iki turunda -  "Sabah" və "Qarabağ"la oyunlarda ağır məğlubiyyətlə üzləşdi. Bu nəticələrə əsasən, komanda daxilində vəziyyətin yaxşı olmadığı deyilir. Kapitan kimi fikirləriniz maraqlıdır, nə baş verir?

- Düz deyirsiniz, son turlarda qeydə alınan nəticələr ürəkaçan deyil. Biz həmin oyunlarda elə yenilgiləri gözləmirdik. Amma böyük hesabla uduzan tək komanda "Sumqayıt" deyil ki... "Mançester Yunayted"in "Liverpul"a, elə həmin "Liverpul"un "Real"a öz meydanında böyük hesabla məğlub olmasının üstündən çox keçməyib. Eləcə də, "Şaxtyor" avrokuboklarda "Feyenoord"la görüşdə qapısından 7 top buraxdı. Bu nəticələrlə özümüzə haqq qazandırmıram. Biz üzləşdiyimiz vəziyyətdən kollektiv şəkildə çıxacağıq. Kapitan kimi buna inanıram. Son iki turdakı məğlubiyyətlərə gəlincə, azarkeşlərimizdən üzr istəyirəm, onlar hər zaman yanımızda olublar. Xahişim odur ki, yenə bizə dəstək versinlər və fanatlarımızı yaxşı nəticələrlə sevindirəcəyik.

- "Sumqayıt" "Sabah" və "Qarabağ"la görüşlərdə qapısından 10 top buraxdı.  Rəqiblər üçün komandanıza qol vurmaq asandı, yoxsa müdafiə xəttiniz "dişsiz" görünür?

- Son iki turda 10 qol buraxmaq, tək müdafiənin günahı deyil. Futbol kollektiv oyundur, hər kəs öz üzərinə düşən vəzifəni icra etməlidir. Yəni, hər kəsin üzərinə düşən səhvlər var. Biz son dövrədə bu səhvləri aradan qaldıracağıq.

- Deyilənlərə inansaq, komandada maliyyə problemi yoxdur. Belə olan halda, nəticə qazanmağa nə mane olur?

- ümumiyyətlə, komandada nəinki maliyyə, heç bir problem yoxdur. Əla şəraitimiz var. Bütün bunların qarşılığında nəticələrə görə biz də məyusuq. Qarşıdakı oyunlarda bu durumdan çıxacağımıza inanıram.

- "Qarabağ"a 0:6 hesabı ilə uduzduğunuz görüşdə erkən qola üzüldünüz. Sanki ilk qol komandanızı "sındırdı"...

- Bilirsiniz necədir? Komanda erkən qol buraxanda, hesabı bərabərləşdirməyə can atır. "Qarabağ" kimi komandaya qarşı bu istəkdə olanda isə boşluqlar yaranır. Rəqib də bundan yararlanıb, bizi cəzalandırır.

- Görünən odur ki, "Sabah"a ağır məğlubiyyətdən sonra komanda toparlana bilmədi. Əks halda, "Qarabağ"dan 6 qol buraxmazdınız...

- Biz həmin oyuna uduzmağa çıxmamışdıq. Dediyim kimi, "Qarabağ" yaxaladığı boşluqlardan məharətlə istifadə etdi.

- Bəs qarşıdakı turlarda xal hesabını artırmaq üçün nələrə diqqət yetirmək lazımdı?

- Biz canımızı meydanda qoymalıyıq. İnanıram ki, "Sumqayıt" sonuncu pillədə olmayacaq. 

- Son pillə demişkən, "Sumqayıt"ın diviziona düşməsi faciə sayılacaq?

- Əlbəttə, əsl faciə, adımıza ləkə olar. Bu ləkəni götürməmək üçün kollektiv şəkildə əlimizdən gələnin ən yaxşısını edəcəyik.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest