“80-ci illərin əvvəli idi. Tovuz ərazisində, Uzunca meşəsində, Kürdə balıq tuturduq”. Matc.az xəbər verir ki, bu fikirlər “Turan Tovuz” klubunun Müşahidə Şurasının üzvü, AFFA-nın İcraiyyə Komitəsinin sabiq üzvü  Yaşar Sultanova məxsusdur.

O, bu günlərdə 84 yaşında vəfat edən Gürcüstanın xalq artisti və müğənnisi Vaxtanq Kikabidze ilə bağlı maraqlı xatirəsini bölüşüb. Sultanov bildirib ki, Kikabidze ilə 1980-ci illərdə Tovuzda rastlaşıb.

“Bizdən 100 metr aralıda digər balıqçı dəstəsi düşərgə salmışdı. Masa, çadır və ləvazimatlardan görünürdü ki, bir neçə günlük gəliblər. Tilovları və geyimləri bahalı və müasir idi. Görünür, şəhər balıqçıları idi. Nahar vaxtı quzu kababı çəkdik. Bir iri qab doldurub onların masasına apardım (Çöllükdə mütləq və adi haldır). Masaya yaxınlaşanda heyrət məni bürüdü – bəh, tanış simalar, Vaxtanq Kikabidze özü bizə gəlib! Sanki fantastik bir aləmə düşdüm. Özü ayağa qalxdı, kababı masanın üstünə qoyub məni bağrına basdı. Dərhal bir stəkan çaxır süzüb mənə verdi. “За настоящих рыбаков” deyib, stəkanı toqquşdurdu və birgə içdik”.

İstiqanlı münasibət görən Kikabidze Sultanovun yanında olanları da masalarına dəvət edib: “Əl çəkmədi, bizim uşaqları da gətirdi, masaları birləşdirdik. Çox zəngin yemək çeşidləri var idi, amma “bəh-bəh” deyə-deyə təkcə kabab yedilər. Bizim uşaqlar isə mən qarışıq gürcü delikateslərinə girişmişdik. Olduqca maraqlı söhbətlər, duzlu lətifələr danışırdı. Həmin vaxt Tbilisi “Dinamo”su Avropa Kuboklar Kubokunu qazanmışdı. Onda çoxları bu komandaya azarkeşlik edirdi. Mən komandanın heyətini birnəfəsə söyləyəndə, Kikabidze qarşımda diz çöküb ağladı, sonra dedi ki, siz əksər gürcüdən böyük azərbaycanlısınız”.

Sultanov əlavə edib ki, fəaliyyəti dövründə kino aktyor, kinorejissor, ssenarist, siyasətçi olan Vaxtanq Kikabidze Azərbaycanı çox sevirdi: “Azərbaycanı fanatikcəsinə sevdiyi aşkar duyulurdu. Mən ona “Оrеrа”dan, “Kədərlənmə”dən, “Mimino”dan danışanda boynumu bərk qucaqlayırdı. Birgə gürcü və Azərbaycan mahnılari oxuduq. Rəşid Behbudovu kumir sayırdı və əzbər bilirdi. Sərxoşluq təhlükəsi ilə üzləşəcəyimizi görüb, min bir bəhanə ilə üzr istəyib aralana bildik. Bizə üzü səbətli şüşədə 10 litr çaxır bağışladılar. Günün sonunda tutduğumuz bütün balıqları onlara verdik. “Şamayka”nın kütləvi çıxan mövsümü olduğu üçün xeyli miqdarda balıq tutmuşduq. Onlar tutulan balıqları dərhal duza qoyurdular. Rayona dəvət elədim, ünvan və telefon yazdım”.

Yaşar Sultanov Gürcüstan parlamentinin keçmiş deputatı ilə sonradan zəngləşdiklərini də vurğulayıb: “Arada zəng açırdı, balıqçılıqdan danışırdı. Bir dəfə Bakıda konsertinə dəvət etdi, gedə bilmədim. Bütün Qafqazın mənəvi sərvəti idi. Heyif! Qəbrin nurlu olsun, Maestro! Allah rəhmət eləsin!!!”

Qeyd edək ki, Vaxtanq Kikabidze yanvarın 15-də vəfat edib.

XƏYAL

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest