"Azərbaycan nailiyyətlər əldə etmək üçün gözəl bir ölkədir. Mən Azərbaycanı həyatımda pozitiv və xoşbəxt bir ölkə olaraq xatırlayacam"

Beş il (2011-2016)  "Qəbələ"də çıxış etmiş Dodo (Luiz Paulo Hilario) bölgə klubunun azarkeşlərinin sevimli oyunçularındandır. "Qəbələ"nin ən uğurlu dövründə  – Avroliqada qələbələri sıralayan vaxt qolları ilə komandasını irəli aparan braziliyalı hücumçu Azərbaycana gələn ən yaxşı legionerlərdəndir. Hazırda Latviyanın "Liepaya" klubunda çıxış edən futbolçu orada da adından söz etdirməyi bacarıb. O, noyabrda başa çatan 2020 mövsümünün bombardiri (18 qol) olub.
"Qəbələ" karyerasını xatırlayan 33 yaşlı futbolçu digər məsələlərdən də danışıb.
 
- Dodo, səni Azərbaycandan salamlayıram.
- Məndən də bütün Azərbaycana salam.
 
- Latviyada işlərin necə gedir?
- İşlərim inanılmaz dərəcədə mükəmməldir. Mövsüm ərzində əla oyunlar keçirdik, qələbələrimiz çox oldu. Mən isə çempionatı bombardir kimi başa vurdum. Azərbaycanda vəziyyət necədir?
 
- Burada da hər şey yaxşıdır. ölkəmiz Vətən müharibəsində qalib gəlib, işğal olunan torpaqlarımız azad olunub. Hər halda bundan xəbərdarsan.
- Əlbəttə, bilirəm.
 
- Bu arada sənə də təşəkkür edirik. Müharibə zamanı erməni vəhşiliyinə biganə qalmadın. Bununla bağlı sosial şəbəkədə paylaşım edərək ölkəmizə dəstəyini göstərdin.
- Bəli, mən Azərbaycanı dəstəkləyirəm, ölkənizin haqlı olduğunu bilirəm. Ona görə də bununla bağlı paylaşım etdim. Azərbaycanı heç vaxt unutmuram.
 
- ölkəmizi necə xatırlayırsan?
- Azərbaycan nailiyyətlər əldə etmək üçün gözəl bir ölkədir. Mən Azərbaycanı həyatımda pozitiv və xoşbəxt bir ölkə olaraq xatırlayacam.
 
- "Qəbələ" fanatları da səni unutmur.
- Mən də "Qəbələ"nin azarkeşləri və Azərbaycan üçün darıxıram.
 
- Azərbaycanda dostların, əlaqə saxladığın insanlar var?
- İnstaqram hesabımda Azərbaycandan bəzi oyunçular və digər insanlar var. Sosial şəbəkələr vasitəsilə əlaqəmiz olur.
 
- "Qəbələ"nin oyunları ilə maraqlanırsan?
- Səmimi desəm, futbola baxmıram, mən hər gün futbolla yaşayıram. Beləliklə, evimdə istirahət edərkən çalışıram futbolla əlaqəsi olmayan şeylərlə məşğul olum və  beynimə istirahət verim.
 
- Qeyd etdiyin kimi, "Liepaya"da çıxışın uğurlu alınır. Ancaq demək olarmı "Qəbələ" karyeranın pik nöqtəsi olub?
- "Qəbələ"də Avroliqa oyunları çox həyəcanlı idi. Bəli, an yaxşı çıxışım orada oldu, Amma bu, "Liyepaya"da da təkrarlanır.
 
- Yenidən Azərbaycanda çıxış etmək istərdin?
- Bəli.
 
- ölkəmizdən təklif almısan?
- Xeyr. Heç bir təklif gəlməyib.
 
- ümumiyyətlə, başqa klubdan təkliflərin var? Hər halda ötən mövsümün bombardiri olmusan.
- Bəli, təkliflər gəlir, amma klubum getməyimə icazə vermir.
 
- "Liepaya" ilə müqavilən bitir?
- Klubumla sözləşməm başa çatıb. Ancaq iki illik yeni müavilə ila bağlı razılaşmışıq.
 
- Azərbaycan Premyer Liqası ilə Latviya çempionatını necə müqayisə edərdin?
- Fərq ondadır ki, Azərbaycan çempionatı artıq çox yaxşı və balanslaşmışdır. Latviyada isə futbol inkişaf edir, böyüyür və Azərbaycan çempionatı kimi olacağı gözlənilir.
 
- Azərbaycanda çıxış etdiyin zaman heç vaxt unutmayacağın bir hadisəni qeyd edə bilərsən?
- UEFA Avropa Liqasının qrup mərhələsində Dortmund "Borussiya"sı ilə oyunu unutmayacağam. Həmin görüşdə qol vurmuşdum.
 
- Sonda "Qəbələ" fanatlarına demək istədiyin nəsə var?
- Onlara deyirəm ki, mən "Qəbələ"də olarkən əldə etdiyim nailiyyət və hazırkı mövqedə olduğuma görə təşəkkür edirəm, Hamınızı çox sevirəm. "Qəbələ" və Azərbaycanı  yenidən xoşbəxt etmək istərdim, ancaq bunun üçün fürsətim olmadı. Bununla belə, hamınızı əbədi sevəcəm. (qol.az)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest