Bir vaxtlar ölkəmizdə "Qəbələ" və "Kəpəz"in şərəfini qorumuş serbiyalı müdafiəçi Lyubo Baranin müsahibəsi

- Uzun müddətdir ölkəmizdən ayrılmısan. Futbolçu karyeran necə gedir?

- Serbiyada karyeramı davam etdirirəm. Futbolçu karyeramla yanaşı, məşqçi lisenziyası almaq üçün oxuyuram.

- Hazırda bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Bu baxımdan Serbiyada vəziyyət necədir?

- Heç yaxşı deyil, insanlar çox qorxur. Karantin elan olunub. Ancaq evdə qalmaq lazımdır.

- 3 ildən artıq müddət ölkəmizdə çıxış etmisən. O illər yaddaşında necə qalıb?

- "Qəbələ"də çox yaxşı xatirələrim olub. İlk dəfə ora gəldiyim zaman "Qəbələ" kiçik klub idi. Amma birinci ilimizdən sonra prezidentimiz yaxşı klub və yaxşı komanda qurmağa başladı. Çox gözəl 3 ilimi orda keçirdim.

- Futbolçu həyatı xatirələrlə dolu olur. "Qəbələ" ilə bağlı hansı xatirəni hələ də unutmamısan?

- "Neftçi"ni 4-1 hesabı ilə məğlub etdik. "Neftçi" üzərindəki bu qələbə "Qəbələ" tarixində ilk dəfə idi. Qələbəyə görə, futbolçulara böyük mükafat və 3 günlük istirahət verildi. 5-6 oyunçu Bakıya gedib, voleybolçu qızlarla 3 gün şənləndik (gülür).

- Futbolumuzu izləməyə imkanın olur?

- Televiziyada Azerbaycan çempionatı yoxdur. Amma internet üzərindən "Qəbələ"nin nəticələrin izləyirəm. Komandanın sonuncu yerdə olmağından xəbərim var. Amma bu vəziyyətin yaranma səbəblərindən xəbərsizəm.

- Bu mövsümdən komandanın büdcəsi azaldıldı. Nə vaxtsa ağlına gələrdi ki, "Qəbələ" bu günlərə düşər?

- Orada oynadığım zaman klubun büdcəsi və oyunçuların maaşları çox yüksək idi. Prezidentimizin ölkənin ən güclü adamlarından biri olduğunu bilirdim. Heç düşünməzdim ki, "Qəbələ"də nəvaxtsa belə eniş olar.

- Vətənə qayıtmamışdan öncə ölkəmizdə qısa müddətli "Kəpəz" karyeran oldu. Orada niyə "Qəbələ"dəki kimi uğurlu ola bilmədin?

- Gəncədə problemlərim çox oldu. Maaşımı ödəmək istəmədilər. Mən də yenidən Serbiyaya qayıtdım.

- Ölkəmizdən ayrılıb yenidən bura qayıdan əcnəbi futbolçular az olmayıb. Sənin üçün belə dəvət oldumu?

- Serbiyada oynadığım altı aydan sonra ilk məşqçim, böyük hərmət bəslədiyim Ramiz Məmmədov yenidən "Qəbələ"yə qayıtdı. O, məni komandada görmək istəyirdi. Amma həmin zaman heyətdə legioner futbolçular çox idi. Ona görə alınmadı.

- Müdafiəçilər adətən karyerasını gec başa vurur. Sən nə vaxta kimi oynamağı düşünürsən?

- Daha iki il oynayacağam və sonra baş məşqçi kimi çalışmaq istəyirəm.

- İnternetdən "Qəbələ"nin nəticələrini izlədiyini dedin. Yəqin ki, çempionatımızdan da xəbərsiz deyilsən. Oynadığın illərlə müqayisədə çempionatımız indi kənardan necə görünür?

- İndi yalnız "Qarabağ" rəqiblərindən seçilir. Azərbaycan futbolunu avropaya təqdim edən komandadır. Çempionat çox kiçikdir. Yalnız 8 klub iştirak edir. Bu heç də yaxşı görünmür.

- "Qəbələ" azarkeşlərinə və buradakı dostlarına sözün var?

- Salamlarımı çatdırıram. Sadəcə güclü olsunlar. Vəziyyət tezliklə yaxşıya doğru dəyişəcək. (sportinfo)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest