Misli Premyer Liqasının XX turunun "Səbail" - "Kəpəz" oyunu sürətli başladı. Start fitindən sonrakı qarşılıqlı hücumlar görüşün məhsuldar alınacağından xəbər versə də, matçın taleyini bir qol həll etdi. Meydan sahibləri argentinalı Franko Mazurekin vurduğu yeganə qolla Şahin Diniyevin rəhbərliyi altında ilk qələbəsini qazandı.

XX əsrdə qalan Diniyev
"Səbail" qələbəni bayram etsə də, nəinki 3, heç 1 xala da layiq deyildi. İnsafən, qonaqlar məğlubiyyəti haqq etmirdi. "Kəpəz" rəqibindən qat-qat yaxşı oyun sərgiləsə də, bir neçə real qol şansından yararlana bilmədi. Hər halda, "Səbail" 3 xala görə bəxtinə şükür etməlidi. çünki hesabın açıldığı 77-ci dəqiqəyədək meydan sahiblərinin çərçivəyə təhlükəli zərbəsi olmamışdı. "Dənizçilər"in sərgilədiyi oyun elə Diniyevin vaxtındakı -  XX əsrdəki millimizin çıxışına bənzəyirdi. Futbolçular 2-3 ötürmədən sonra topu itirir və bundan yararlanan rəqibin hücumları daha təhlükəli alınırdı.

Qadağa və rəğbət
Baş hakim Tural Qurbanovun qərarları xeyli müzakirələrə yol açdı. Hətta epizodların birində onun qərarına etiraz edən Tərlan Əhmədov aşkar şəkildə bildirdi ki, hakimlərin əsas məqsədi "Kəpəz"i I Diviziona sürgün etməkdi. Kənardan görünən isə o idi ki, həm Qurbanov, həm də dördüncü hakim İnqilab Məmmədovun "Səbail"ə rəğbəti var. çünki dəqiqəbaşı Tərlan Əhmədova texniki zonadan çıxmamağı tapşıran Məmmədov, nədənsə Diniyevə yerini göstərmirdi. Diniyev isə çox arxayın idi. Əhmədovdan fərqli, 90 dəqiqə ərzində çox az sayda hakim qərarına etiraz etdi, özü də gülə-gülə...

Narazı gəncəlilər
Oyunun sonlarına yaxın həmkarım Mərdan gəncəli azarkeşlərdən birinin bıçaqlandığını deyincə, tələsik "Xəmsə" fan-qrupunun yer aldığı tribunaya yollandım. Məğlubiyyətlə barışmayan fanatlar "Kəpəz" rəhbərliyindən, komandanın İdarə Heyətinin rəhbəri İlqar Nadiridən narazıdılar. Matçın son 10 dəqiqəsini onlarla yanaşı izlədim, boynumdakı "bəciki" görüncə, "sual yağışı"na düşdüm.

- Qardaş, bu nə komandadı, bu nə oyundu, "Səbail"ə də uduzandan sonra kimi məğlub edəcəyik?
- Komandaya mən cavabdeh deyiləm axı...

- Bilirəm qardaş, rəhbərlik hara baxır? Niyə düz-əməlli transfer etmir?
- Yəqin ki, büdcə azdı, ona görə... 

- Sonuncu pilləyə düşdük. "Səbail"i də məğlub edə bilmiriksə, "Kəpəz"in yeri diviziondu...

Bu arada, "Kəpəz"in futbolçusu Fərid Nəbiyev azarkeşlərə yaxınlaşıb, yenilgiyə görə üzrxahlıq edir. Ardınca Abdulla Rzayev eyni hərəkəti təkrarlayanda fanatlar ona sərt təpki göstərirlər: "Get, o rəhbərliyə çatdır ki, rədd olsunlar. İlqar Nadiri hara, futbol hara?"

Gəncəlilərə ən çox təsir edən isə onlarla eyni avtobusda Bakıya gələn azarkeşlərdən birinin bıçaqlanmasıdı. Hamısı xoş xəbər sorağındadı: "Yazıq uşaq... Kaş gəlməzdi. O bıçaqlanmış uşağa görə kim cavab verəcək, İlqar?", kimi suallar verirdilər.

Sonda bir qrup azarkeş "Kəpəz" rəhbərliyini istefaya səslədi. Bunun nə vaxtadək davam edəcəyi isə növbəti turlarda bilinəcək.

 

 

XƏYAL

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest