Aleksandr Səmədov: “Azərbaycan millisində oynaya bilərdim, amma...”
 
Futbol üzrə Rusiya yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov Azərbaycan millisindən aldığı təklifləri qəbul etməməsinin səbəbini açıqlayıb. Matc.az xəbər verir ki, o, veteran futbolçu “Qardaşyana cavab ver” “Youtube” kanalına müsahibəsində bunları söyləyib:
 
“Azərbaycana böyük hörmətlə yanaşıram, çünki köküm oradandır, atam bu ölkədə anadan olub. Rusiya yığması ilə böyük turnirlərdə iştirak etmək şansım daha yüksək olduğuna görə belə addımı adtım. Üstəlik, mən burada doğulmuşam, Moskvada yaşamışam və anam rusdur. Gedib Azərbaycan milli komandasında 15-20 il oynaya bilərdim. Amma bu, mənim şəxsi qərarım idi. Rusiya yığması ilə bütün mümkün turnirlərdə iştirak etdim. Bu da onu göstərir ki, gözləntim özünü doğrultdu”.
 
Səmədov sonuncu dəfə 2019-cu ildə İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasında Avropa Liqasının final oyununun (4:1) səfiri kimi Bakıda olduğunu xatırladıb: "Həmin vaxt şəhəri gəzdim. Bakı çox xoşuma gəlir. Gözəl şəhərdir. İçəri şəhər xüsusilə möhtəşəmdir. Hər kəsə oranı görməyi məsləhət görürəm. Əmim Azərbaycanda yaşayır və tez-tez əlaqə saxlayırıq”.
 
Tanınmış futbolçu özünü həm rusiyalı, həm də azərbaycanlı kimi hiss etdiyini söyləyib: "Yaş artdıqca öz kökün haqqında daha çox bilmək, öyrənmək istəyirsən. Düzdür, burada anadan olmuşam. Rusiyanı, Moskvanı sevirəm. Bura mənim üçün dünyanın ən yaxşı şəhəridir. Amma mənim köküm Azərbaycandandır. Hər iki ölkənin mədəniyyəti haqqında çox şey bilirəm”.
 
2015-ci ildə vəfat etmiş atası Sergey Səmədov haqqında xatirələrini bölüşən Səmədov onun ciddi insan olduğunu vurğulayıb: "Çox sərt idi. Oyunum xoşuna gəlməyəndə məni təbrik etmirdi. Artıq xasiyyətinə bələd idim. Bilirdim ki, sözlə məni məhv edəcək. Hazırda 3 oğul atasıyam. Amma mən özümü atam kimi apara bilmərəm. Onun münasibəti məni sərtləşdirirdi. Mənə deyirdi ki, həyatda hər şeyə özün nail olmalısan. Ən önəmli fikri isə belə idi: həyatda yeni dostların ola bilməz. Əsl dostların sayı maksimum 12 nəfərdir. Qalanları sənin tanışlarındır. Onlar nə vaxtsa səni çıxılmaz vəziyyətdə qoya bilərlər”.
 
Keçmiş yarımmüdafiəçi atasının hərbi xidmətlə əlaqədar Rusiyaya çox erkən getdiyini xatırladıb: “O, hərbi dəniz donanmasında - sualtı qayıqda xidmət edib. Xidmətini başa vurduqdan sonra Moskkvaya gələrək təhsil alıb, işləyib. Təəssüf ki, indi aramızda deyil. Əlbəttə, atam azərbaycanca bilirdi. Rusca da yaxşı danışırdı. Həyatının böyük hissəsini burada yaşadı. Əlbəttə, mən də Azərbaycan dilini öyrənmək istərdim. Çünki köküm oradandır. Arzum var, amma vaxtım yoxdur. Söz verirəm ki, bu məsələ ilə məşğul olmağa çalışacağam”.
 
O, 2013-cü ildə Bakıda Azərbaycan yığması ilə dünya çempionatının seçmə matçında azarkeşlərin təhqirlərinə məruz qalmasından da danışıb. 38 yaşlı keçmiş orta sahə oyunçusu "Həmin an cavab vermək, yoxsa meydanı tərk etmək istəyirdiniz" sualını cavablandırıb. Səmədov risklərin yüksək olduğunu söyləyib: “Bu, dünya çempionatına çıxmaq üçün həlledici oyundur. İki yol var idi: Ya əsəbiləşib komandanı ruhdan salmaq və dünya çempionatından kənarda qoymaq, ya da öz işinlə məşğul olmaq. Açığı, bu cür davranışa layiq olduğumu düşünmürəm. Anlaşılmazlıq oldu. Bir müsahibə verdim və buna görə ajiotaj yarandı. Sadəcə, komandanın mundiala vəsiqə qazanması üçün meydana çıxıb öz işimi görməliydim. Bizim etdiyimiz də bu oldu".
 
Səmədov bildirib ki, karyerasının ilk illərində futbol matçlarından daha çox, oyundan sonra nə olacağını gözləyirmiş: “Böyük pullar qazanandan sonra gecə klublarına getməyə başladım. Şadam ki, bu asılılıqdan canımı qurtardım. Düzdür, proses ağrılı keçdi, amma mənim üçün yaxşı dərs oldu. Çünki həmin ərəfədə gerilədim, futbolda uğursuzluqlarım çox oldu. Gecə klubları karyeramı məhv edə bilərdi. Buna baxmayaraq, hər şeyə yenidən başladım. Bunda həyat yoldaşımın da böyük rolu oldu".
 
Azərbaycanlı futbolçu xanımı Yuliya Səmədova ilə tanışlığından da söz açıb: "Açığı, indi bunu xatırlamaq mənim üçün çətindir. Çünki 17 il əvvəl olub. Onunla gecə klubunda tanış olmuşam. Yadımdadır ki, musiqi çalınırdı və mən ona yaxınlaşdım. Bəlkə də yaxınlaşmasaydım, evlənməyəcəkdik. İndi hər şey yaxşıdır, mənim üçün 3 oğul dünyaya gətirib".
 
Səmədov həyat yoldaşına necə evlənmə təklifi etdiyini də açıqlayıb: "Romantik insanlar bu prosesə diqqətlə hazırlaşırlar. Mən o kateqoriyaya aid deyiləm. Məndə hər şey ordudakı kimidir. Ona yaxınlaşıb artıq evlənmək vaxtımızın çatdığını dedim. Çox sevindi”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest