İtaliyanın "Udineze" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin "Lester Siti" klubunun müdafiəçisi Filip Benkoviçi heyətinə qatıb.
 
Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 24 yaşlı futbolçu ilə 3.5 illik müqavilə imzalanıb.
 
Filip Benkoviç 2018-ci ilin avqustundan "Lester Siti"də çıxış edirdi. İngiltərə klubu həmin vaxt onu Zaqreb "Dinamo"sundan 14.5 milyon avroya transfer etmişdi. Amma Xorvatiya yığmasında 1 oyun keçirmiş müdafiəçi Premyer Liqa təmsilçisində əsas heyətə düşməkdə çətinlik çəkib. Bu üzdən də futbolçu "Seltik", "Bristol Siti" və "Kardiff Siti" kimi komandalara icarəyə verilib.
 
"Udineze" müdafiəçisi Sebastyan De Mayo ilə də yollarını ayırdığını açıqlayıb. Fransadan olan 34 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, karyerasını "Viçensa"da davam etdirəcək.
 
De Mayo 2019-cu ildən "Udineze"nin uğurları üçün çalışırdı. Təcrübəli futbolçu bu komandanın heyətində A Seriyasında 59 oyun keçirib, 3 qol vurub. O, əvvəllər "Bolonya", "Fiorentina", "Anderlext", "Cenoa", "Frozinone", "çelano" və "Breşiya" klublarının da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest