Tokio Yay Olimpiya Oyunlarında qadın futbolçuların mübarizəsi davam edir. Matc.az xəbər verir ki, bu gün Olimpiadanın yarımfinalçıları müəyyənləşib.

Günün ilk matçında Kanada və Braziliya milliləri üz-üzə gəlib. Oyunun əsas və əlavə vaxtında hesab açılmayıb. Nəticədə qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac yaranıb. Kanada ilk penaltini qaçırmasına və hesabda geri düşməsinə baxmayaraq, mərhələ adlayan tərəf olub. Qolkiper Stefani Labbe Andressa və Rafaellenin 11 metrlik zərbələrini dəf edərək komandasına qələbə qazandırıb.
 
Beləliklə, qadın futbolçulardan ibarət Braziliya millisi növbəti dəfə Olimpiadanın qalibi olmaq şansını itirib. Qeyd edək ki, cənubi amerikalılar heç vaxt Yay Olimpiya Oyunlarında çempionluq yaşamayıblar. Braziliya ən yaxşı halda (2004, 2008) gümüş medalla kifayətlənməli olub.
 
Böyük Britaniya - Avstraliya matçında qalib əlavə vaxtda müəyyənləşib. Yeddi qolun qeydə alındığı matçdan əzmkar qələbə ilə ayrılan Avstraliya futbolçuları yarımfinala yüksəliblər. İsveç millisi isə Yaponiya yığmasından güclü olub. Sonuncu 1/4 final görüşü Niderland və ABŞ yığmaları arasında baş tutub. Dörd qolun qeydə alındığı matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Bu üzdən penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən ABŞ yığması sonuncu yarımfinalçı olub.
 
Beləliklə, avqustun 2-də baş tutacaq yarımfinal görüşlərində Avstraliya İsveçlə, Kanada isə ABŞ-la üz-üzə gələcək.
 
Futbol (qadınlar)
1/4 final
 
Kanada – Braziliya - 0:0 (penaltilər - 4:3)
 
Böyük Britaniya – Avstraliya - 3:4
Qollar: Uayt, 57; 66; 115. - Kennedi, 35. Kerr, 89; 106. Fouler, 103.
 
İsveç – Yaponiya - 3:1 
Qollar: Eriksson, 7. Bləkstenius, 53. Asllani, 68-pen. - Tanaka, 23.
 
Niderland - ABŞ - 2:2 (penaltilər - 2:4)
Qollar: Miedema, 18; 54 – Myuis, 28. Uilyams, 31. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest