"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Rusiyanın "Soçi" komandasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bildirib

"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Rusiyanın "Soçi" komandasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bildirib. Matc.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Birinci oyun bizim üçün ürəkaçan olmadı. Amma başa düşürük ki, məsuliyyət hər zaman üzərimizdədir. çünki ölkəmizi bu turnirdə layiqincə təmsil etmək istəyirik. İlk görüşə itkilərlə çıxmışdıq. Həm Şəhriyar Əliyevin, həm Omar Qudiabinin, həm də Anatole Abanqın olmaması oyunumuza mənfi təsir etdi. Yeni futbolçularımız var, oyun üslubumuza uyğunlaşmağa çalışırlar. İstəsək də, istəməsək də, bu, zaman alır. Zamanın bizim xeyrimizə işləməsinə çalışdıq. Təəssüf ki, bunun Soçidə tam plan üzrə getmədiyini gördük. Yeni oyunçularımıza güvənirik və oyun üslubumuza qısa vaxtda uyğunlaşmalarını istəyirik. Sabah daha yaxşı çıxış edəcəyimizə ümid edirəm. İlk görüşdə istəmədiyimiz hesabla məğlub olsaq da, futbolçularımız məşqlərdə istəkli idilər. Sabah meydanda mübariz komanda görmək istəyirəm. Futbolçularımız da səbirsizliklə sabahı gözləyirlər.
 
"Soçi" həm heyətini saxlayıb, həm də oyun üslubları dəyişməz qalıb. Rusiyada son illər adından söz etdirən klubdur. Total futbol stili görünürdü, daha çox topa sahib olmaq istəyirdilər. Komanda şəklində həm müdafiə olunmaq, həm də hücum etmək onları uğurlu nəticəyə aparıb. Rusiya kimi çempionatda yer tuta bildilər. Zəngin heyətə malikdirlər. Buna baxmayaraq, futbolçularımıza güvənimiz sonsuzdur.
 
Gəlin, özümüzü aldatmayaq. Rusiya çempionatı bizim Premyer Liqadan fərqlənir. Biz də istərdik ki, çempionatımızın səviyyəsi artsın. Klublarımız bunun üçün addımlar atırlar. Oyunlar gərgin keçir. Amma həmin gün "Soçi" bizdən daha hazırlıqlı idi. Turnirdən gəlmişdilər, hazırlıq matçları keçirmişdilər. Amma "Soçi"nin heç bir futbolçusunu öz oyunçularımdan üstün saymıram. Bu gün inkişaf etməliyik ki, sabahkı yerimizi müəyyənləşdirək. Daim inkişafı fikirləşirik. Biz də istəyirik ki, futbolçularımız özlərini yaxşı tərəfdən göstərsinlər, çempionatımızda sürət artsın. Bu inkişafı da özümüz yaratmalıyıq. Rusiyada da qol vurmaq istəyirdik, ilk dəqiqələrdə belə imkanlarımız oldu. Amil Yunanov şansından yararlana bilmədi. Qapımızdan planlaşdırmadığımız tərzdə standart vəziyyətdən qol buraxdıq. Bu da bizə psixoloji cəhətdən pis təsir etdi. Amma ümid hər zaman var. Sabah mərhələni adlamaq üçün meydana çıxacağıq və bunun üçün əlimizdən gələnin ən yaxşısını etməliyik. Uşaqlarla da danışmışıq ki, sabah ən yaxşı oyunumuzu göstərməliyik. Həm hücumda, həm də müdafiədə komanda şəklində oynamaq istəyirik.
 
Yoxlama görüşü az keçirməyimiz bizə mənfi təsir edə bilər. Amma bu müddətdə işlərimizi başqa yöndə qurduq. Oyunu əvəz edən məşqlərimiz oldu. çempionata hələ çox var. Hələlik sabahı fikirləşirik. Düşünürəm ki, çempionatın startına qədər ideal formamızın 70-80 faizini toplaya biləcəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest