Lorenzo Sotomayor 2014-cü ildə Azərbaycanın boks üzrə milli komandasına cəlb olunan kubalı legionerdir. Onun böyük pullar hesabına bura gətirilməsinin səbəbi o idi ki, ölkəmizə beynəlxalq yarışlarda medallar qazandırsın. Və bununla Azərbaycanın reytinqi beynəlxalq boks aləmində, yerli Boks Federasiyasının rəhbərliyini nüfuzu isə yuxarılarda artmağa başlasın.
 
İnsafən, Lorenzonun ilk illərdəki çıxışı yaxşı alınmışdı. 2015-ci ildə o, Bakıda keçirilən Avropa Olimpiya Oyunlarının qalibi oldu. Bir il sonra isə Rio Yay Olimpiya Oyunlarında 2-ci yeri tutmaqla karyerasında bugünə qədərki ən böyük uğuru qazandı. Və beləliklə də, kasıb Kubadan ayrılıb Azərbaycana ayaq basdığı gündən Lorenzonun yuxusunda da görmədiyi, ağlına belə gətirməyəcəyi milyonçular sayağı yaşamı başladı. Təkcə həmin o iki uğura görə dövlətdən, federasiyadan mükafat olaraq ayrılan yüzminlərlə dollar və qısa zamanda burada qazandığı şöhrətin ab-havası Sotomayoru elə hala gətirdi ki, o, özünü nəinki rinqin, elə həyatın da ağası yerinə qoydu. İdman yaddan çıxdı, başladı qızlarla kef, içki məclisləri təşkil etməyə. Ən pisi isə bütün bunları İnstaqramda ictimailəşdirməkdən də utanmadı. Amma işin daha pis tərəfi o idi ki, Lorenzoya bu intizamsılığına görə cəza verən də olmadı. Bəs, kim verməli idi bu cəzanı? Əlbəttə ki, Azərbaycan Boks Federasiyasının rəhbərliyi...
 
Belə bir cəzanın olduğunu kimsə xatırlamır. İdmançı isə təkcə yaxşı hazırlıq, infrastruktur yox, həm də ciddi nizam-intizam olan şəraitdə inkişaf edir. Amma belə görünür ki, bu gün boks millisindən daha çox, Boks Federasiyasının özündə işə ciddiyyət yaratmaq lazımdır.
 
***
Lorenzo bu gün Tokio-2020-də 1/16 finalda uduzaraq mübarizəni dayandırdı. Amma məgər Lorenzo kimilər Azərbaycana ona görə gətirilib, onların hər birinə hər il onminlərlə manat maaş ona görə verilir ki, adam yarış başlamadan uduzsun, yoxsa mükafatçı olsun? Sotomayorun 2016-cı ildən üzü bu yana – son 5 ildə ciddi bir uğuru, titulu olmayıb. Bu illər ərzində o, idmançı rejiminə əhəmiyyət verməyib, boksdan kənar həyatı, intizamsızlığı, hə, bir də qadınlar kimi qısa yubka geyinib İnstaqramda poz verməyi ilə yadda qalıb. Və bu rəzalət Boks Federasiyasının gözü qarşısında baş verib. Lorenzo isə qiymətli eksponat kimi federasiya tərəfindən toxunulmaz olub.
 
Amma geniş idman ictimaiyyətinin bilmədiyi başqa bir fakt da var ki, yazıya elə bunu qeyd etməklə yekun vururam. 2018-ci ilin dekabrında boks üzrə Azərbaycan çempionatında sensasiyalı nəticə qeydə alınır. Yerli idmançımız Elnur Süleymanov həmin bu Sotomayoru yarımfinalda nokauta göndərməklə məğlub edir. Sonra isə Azərbaycan çempionu olur. Amma 69 kq çəki dərəcəsində beynəlxalq yarışlara Elnur yox, Sotomayor göndərilir...
 
Ona görə ki, əvvəla millinin baş məşqçisi Sotomayorun yerlisi olan kubalılardır. Lakin yenə də sual ortaya çıxır: əcnəbi olan kubalı məşqçilər belə qərar verirsə, federasiya rəhbərliyindəki yerli olan azərbaycanlılar bu haqsızlığa niyə göz yumur?
 
Və...
 
Sotomayoru nokauta salan həmin Elnur boksdakı bu mühitdən haqlı olaraq incidiyi üçün Azərbaycanı tərk edərək Rusiyaya köçüb. Yəqin ki, hətta boksu atıb da.
Bizi isə Olimpiya Oyunlarında yerli boksçu yox, yenə də kubalı həmin intizamsız Sotomayor təmsil edir. Sotomayor... Boksumuzun qara ləkəsi Sotomayor...
 
Aydın BAÄžIROV
Qol.az
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest