Türkiyənin "Trabzonspor" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Almaniyanın "Verder" klubundan Ahmet Canbazı transfer edib.
 
21 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Gənc futbolçuya 2019/20 mövsümündə 625 min, 2020/21 və 2021/22 mövsümlərində isə 630 min Türkiyə lirəsi məvacib veriləcək.
 
Trabzon klubu bu keçidə görə "Verder"ə 125 min avro təzminat ödəyəcək. Futbolçu azı 15 rəsmi oyuna çıxacağı və klubu UEFA çempionlar Liqasının qrup mərhələsində oynayacağı təqdirdə, Bremen klubu daha 100 min avro gəlir əldə etmək şansına malikdi. Almaniya təmsilçisi Canbazın başqa kluba satışından da müəyyən qazanc götürəcək.
 
"Trabzonspor" Bosniya və Herseqovinanın "Mladost" klubunun futbolçusu Nemanya Anduşiçi də transfer edib. 22 yaşlı bosniyalı hücumçu ilə 3+1 illik müqavilə imzalanıb. O, yeni klubunda 2019/20 mövsümündə 115 min, qalan mövsümlərdə isə 100 min avro gəlir əldə edəcək. "Trabzonspor" "Mladost"a da 50 min avro təzminat ödəyəcək.
 
Trabzon klubu daha bir futbolçusu ilə də müqavilə müddətini uzadıb. Belə ki, nigeriyalı futbolçu Antoni Nvakaemenin anlaşmasının müddəti 2022-ci ilə qədər artırılıb. Yeni müqaviləyə əsasən, 30 yaşlı forvard bundan sonrakı hər bir mövsümdə 1,5 milyon avro gəlir əldə edəcək. Onu almaq istəyən klublar isə bundan sonra sərbəstqalma məbləği kimi 4 yox, 6 milyon avro təzminat ödəməlidilər.
 
Nvakaeme ötən ildən şərəfini qoruduğu Super Liqa klubunda 27 oyuna 10 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest