"Pis komanda deyillər. Əcnəbi futzalçılara üstünlük veriblər. Meydandakı əsas heyət üzvləri braziliyalılardı. Biz də zəif oynamadıq, əzmkarlıq göstərdik, mübarizələrdə güzəştə getmirdik".

Bu gün futzal üzrə çempionlar Liqasının əsas mərhələsinə start verilib. Matç.az xəbər verir ki, 8-ci qrupda mübarizə aparan Azərbaycan çempionu "Araz" ilk qarşılaşmasını keçirib. Litva təmsilçisi "Vitis"lə üz-üzə gəliən komandamız məğlubiyyətlə üzləşib. Bu oyunla bağlı təmsilçimizin kapitanı Rizvan Fərzəliyev azfutzal.az saytına müsahibə verib.

- Oyunu müdafiədən qurmağınızı baş məşqçi tapşırmışdı, yoxsa rəqib məcbur etdi?
- Qarşılaşmaya gərgin başladıq. Baş məşqçi oyunu bu taktika üzərində qurmuşdu. Ancaq 3-4 dəqiqə keçdikdən sonra anladıq ki, qarşımızdakını meydanın onlara aid hissəsinə də sıxa bilərik. Sadəcə, heyətimiz yeni qurulub, uşaqlar taktiki planda tam hazır deyillər. Buna görə də 5-6 oyunçuya daha çox güc düşdü. İkinci hissədə də epizodlarımız oldu, təəssüf ki realizə edə bilmədik. Hücumçu qıtlığı var. Əgər qol vursaydıq, gərginlik azalacaq, ruh yüksəkliyi yaranacaqdı. öz səhvimizdən buraxdığımız qolla yenildik. 

- Baş məşqçi Alesio "Vytis"i qrupun favoriti hesab edir. Doğurdanmı, rəqib bu cür yanaşmaya layiqdi?
- Pis komanda deyillər. Əcnəbi futzalçılara üstünlük veriblər. Meydandakı əsas heyət üzvləri braziliyalılardı. Biz də zəif oynamadıq, əzmkarlıq göstərdik, mübarizələrdə güzəştə getmirdik. Bu cür məqamlarda oyunçunun keyfiyyəti həlledici olur. Hazırda bizim bir neçə oyunçumuz ustalıq baxımından geri qalır.

- Qeyd etdiyiniz kimi, 4-5 oyunçu ilə 40 dəqiqəni başa vurmaq kifayət qədər çətindi...
- Baş məşqçinin seçimindən asılıdı. Bu gün onun taktiki planda verdiyi tapşırıqları əsasən 4-5 oyunçu yerinə yetirir. Buna görə də üstünlük həmin futzalçılara verilir. İki-üç ay ərzində baş məşqçinin tələbini yerinə yetirmək çox çətindi. Bunun üçün xeyli zamana ehtiyac var. Kim onun tapşırığını daha yaxşı yerinə yetirirsə, meydanda da onları çox saxlayır.

- Yaydakı dəyişiklikdən sonra gedənlərin yeri görünürmü?
- Əlbəttə, görünür. Legionerlər keyfiyyətli və təkbətək mübarizələrdə seçilir. Oyunda bu gün həmin amillər hiss olundu. ümumi götürdükdə isə, yeni komanda üçün pis oyun göstərmədik. Biz vura bilmədik, əvəzində onlar şansını qaçırmadılar.

- "Valletta" və "Luçence" oyununu izlədiniz. Növbəti rəqiblər haqda nə deyə bilərsiniz?
- Hər iki komanda taktiki planda "Vytis"dən üstündü. Düzdü, oyunun bir hissəsinə baxdıq. İkinci hissədə nələr olacaq, bilmirəm. Ancaq hər bir futzalçı öz işini bilir. Hər iki oyuna qələbə qazanmaq üçün çıxacağıq.

- ötən il əsas mərhələdə ardıcıl iki qələbə qazandığınız zaman əksəriyyət qrup qalibi olacağınızı düşünürdü. Ancaq son matçda məsələ rəqibin xeyrinə həll olundu. Bu dəfə necə, son tura qədər mübarizə davam edəcəkmi?
- Hər şey ola bilər. "Vytis"ə məğlubiyyətimiz o demək deyil ki, onlar qarşıdakı hər iki matçda qalib gələcəklər. Xeyr. Onların da xal itirəcəyi oyunlar olacaq. Ona görə də şanslar davam edir. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest