Mövsüm başa çatan kimi "Neftçi" ilə yollarını ayıran və "Sabah"a keçən Məhəmməd Mirzəbəyov Dağıstan mətbuatına geniş müsahibə verib. Matc.az saytının məlumatına görə, milli komandamızın müdafiəçisi Azərbaycan futbolu və klubları haqda ətraflı danışıb, gələcək hədəflərindən söz açıb.

- Azərbaycan çempionatında "Sumqayıt", "İnter", "Qəbələ" və "Neftçi"də çıxış etmisiniz. Onlarda oxşarlıq və fərqliliklər nələrdi?

- ümumi olaraq ambisiyalar... Hər kəs qələbə qazanmaq, irəli getmək istəyir. Bütün komandalarla bağlı xoş xatirələrim var. Nəticələr fərqlidi. Sabiq komandam "Qəbələ" indi ortababdı. "Sumqayıt" və "Keşlə" (keçmiş "İnter") isə mövsümü aşağı pillələrdə tamamlayıb.

- Azərbaycan çempionatında müəyyən tendensiyalar varmı? Məsələn, taktika?

- Oyun üslubu, tənzimləmə, müxtəlif klubların fəaliyyət tərzi fərqlidi. İki və ya üç mərkəz müdafiəçisi, iki hücumçu və ya bir mərkəz hücumçusu, iki vinger... Bir sözlə, fərqlidi. Məşqçilər bizi rəqiblərə görə hazırlayır, onların xüsusiyyətlərini göstərir.

- "Neftçi" mövsümü "Qarabağ"ın 8 xal gerisində tamamladı. "Qarabağ" artıq ardıcıl neçənci dəfədi çempionatın qalibi olur. Yəni bu komanda bir növ Azərbaycanın "Yuventus"udu?

- "Qarabağ", həqiqətən də, güclüdü. Ardıcıl qızıl medallar komandanın klasını göstərir. Bu həmin "Qarabağ"dı ki, yaxın keçmişdə çempionlar Liqasında "Atletiko" ilə iki dəfə heç-heçə edib. Bilirsiniz, onların bizdən üstün olduqlarını demirəm. Onlarla şəxsi oyunlarımızda bərabərlik var idi. Həmçinin "Neftçi" ən yaxın izləyicisini 17 xal qabaqladı. Yəni müqayisə aparsaq, "Qarabağ"la "Neftçi" təxminən eyni səviyyəli komandalardı. Fikrimcə, onlar Rusiya Premyer Liqasında ilk "8-lik"də olar.

- Maliyyə durumu da eynidi?

- Xeyr, bu, mümkün deyil. Rəqəmləri dəqiqliklə bilmirəm, amma əminəm ki, Rusiya Premyer Liqasında müqavilələr daha yüksək səviyyədədi.

- Deyilənə görə, azərbaycanlı futbolçular individual bacarıqdan asılıdılar, ancaq taktiki cəhətdən savadlı deyillər. Bu, doğrudu?

- Demirəm ki, azərbaycanlı futbolçular böyük driblinq pərəstişkarlarıdı. Yerli klublarda braziliyalılar var - onlar həvəsə görə, oyunu üzərlərinə götürürlər. Yerli futbolçular nəyi sevir? özü üçün hücum futbolunu. Ancaq futbol kollektiv idman növüdü, ötürmələrlə oynanılır, zərbələrlə deyil.

- Orda nə tip legionerlərə üstünlük verilir?

- Fərqlidi. Avropa, Afrika, Latın Amerikası... Məsələn, əlcəzairli Abdullah Zubir çox texnikalıdı. Adama elə gəlir ki, o, Avropanın güclü klublarında çıxış edib.

- Yeri gəlmişkən, Azərbaycan klublarında neçə Dağıstan əsilli oyunçu var?

- çoxdu, hətta mən belə, dəqiq sayını bilmirəm. "Qarabağ"da oynayan ölkə çempionu Bədavi Hüseynovdan tutmuş, aşağı sıralarda qərarlaşan klubların formasını geyinənlərə qədər. "Sumqayıt"da olan Mehdi Cənətov və digərləri.

- "Anji"də birlikdə oynadığınız futbolçularla görüşürsünüzmü?

- Hər yay və qışda (dövrələrarası fasilə və mövsümlərarası fasilə zamanı) Dağıstana gəlirəm. Həmçinin çempionatda bir neçə günlük istirahət veriləndə də evə gəlirəm. "Anji"nin çıxışını Azərbaycanda da izləyirəm, komandanın necə mübarizə apardığını, neçənci yeri tutduğunu görürəm. Tanış uşaqlarla Dağıstanda görüşürük, "dır-dır" oynayırıq.

- Mövsüm ərzində bazada qalırsınız?

- Xeyr, şəhərdə ailəmlə birlikdə yaşayıram. Yalnız klubum ölkə xaricində toplanışda olanda onlar Dağıstana yollanırlar. Qayıtdıqdan sonra onları yenidən Azərbaycana aparıram.

- Yəqin ki, Azərbaycan dilində sərbəst danışa bilirsiniz?

- O, yox. Anlayıram, amma... Dürüst olacam, mənim danışıq bacarığım çox yaxşı deyil. Hətta Dağıstan dilini də yaxşı bilmirəm. Azərbaycanlıları daha yaxşı başa düşürəm.

- Azərbaycan yığmasına da dəvət olunmusunuz. Əsas hisslər nələrdi?

- Məsuliyyət. "Neftçi"nin oyunçusu kimi, yalnız bu klubun azarkeşləri üçün çalışırsan. Ancaq milli komandada çıxış etdiyin zaman bütün ölkənin diqqəti üzərində olur.

- AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığması 10 qol buraxıb ki, bunun 5-i Slovakiya ilə görüşdə qeydə alınıb. Niyə bu qədər çox? Müdafiə belə zəifdi?

- Bəli, Slovakiya ilə ev matçı uğursuz alındı. Mənə elə gəlir ki, slovakiyalılar özləri də göstərdikləri oyundan, vurduqları qol sayından şoka düşdülər. Bir sözlə, uğursuzluq idi. Müdafiədə çox pis çıxış etdik. Yaxın gələcəkdə Uelslə keçiriləcək qarşılaşmada azarkeşlərimizi sevindirməyə çalışacağıq.

- Artıq 28 yaşınız var. Yəqin ki, karyeranızın sonunu Azərbaycan futbolu ilə əlaqələndirirsiniz?

- Bəli, bu ölkə böyük futbolun qapılarını üzümə açdı. Nə qədər ki, sağlamam və hazıram, Azərbaycanda oynamaq istəyirəm. Oyun bitirmək yox, zəfərlər üçün çalışırıq.

- Bəs sonra?

- Belə uzağa hələ baxmıram. Hələ ki, futbolçu kimi bu idman növündən zövq almaq istəyirəm. Daha sonra burda qalıb, məşqçi kimi işləyə bilərəm. Amma gələcəyim barədə hələ ciddi düşünməmişəm.

- 2011-ci ildə ölkə kubokunun 1/16 final mərhələsində keçirilən "Volqa" - "Anji" görüşündə Roberto Karlosu əvəzlədiyinizi xatırlayırsınız?

- çox yaxşı xatırlayıram. Roberto Karlos əvəzlənərkən məni qucaqladı. O, dünya futbolunda mümkün olan hər şeyi qazandı və "Anji"də məşqçi kimi çalışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest