Belarusun paytaxtı Minsk şəhərində II Avropa Oyunları başa çatıb. Matc.az saytının məlumatına görə, son gündə daha 4 karateçimiz mübarizəyə qoşulub.

Qadınlarda Nuranə Əliyeva, kişilərdə isə Firdovsi Fərzəliyev, Rafiz Həsənov və Rafael Ağayev çıxış edib. Onlardan 2-si gümüş medala layiq görülüb.

 

Minsk-2019

Karate

Qadınlar

50 kq

A qrupunda yer alan Nuranə Əliyeva uğursuz çıxışla yadda qalıb. İdmançımız keçirdiyi hər 3 görüşdən məğlub ayrılıb. Belə ki, o, Serap Arapoglu özçelikə (Türkiyə) 0:4, Şara Hubrişə (Almaniya) 1:2, Mariya Kulinkoviçə (Belarus) isə 1:3 hesabı ilə uduzub. Bununla qrup sonuncusu olan Əliyeva mübarizəni dayandırıb.

 

Kişilər

60 kq

B qrupunda mübarizə aparan Firdovsi Fərzəliyev Oyunlara uğurlu başlanğıc edib. O, ilk görüşdə İlya Bulatova (Belarus) aman verməyib - 8:0. Emil Pavlova (Makedoniya) çətinliklə qalib gələn Fərzəliyev Ancelo Kreszento (İtaliya) ilə bərabərə qalıb. Bununla idmançımız qrup birincisi kimi yarımfinala adlayıb. Onun final yolundakı son maneəsi Yevgeni Plaxutin olub. Rusiyalı da həmyerlimizin qarşısında aciz qalıb. Nəticədə finala yüksələn Fərzəliyevin son rəqibi Kalvis Kalnins olub. Təəssüf ki, həlledici görüşdə latviyalı üstün olub. 0:4 hesablı məğlubiyyət karateçimizin "gümüş"lə kifayətlənməsinə səbəb olub.

 

67 kq

ölkəmizi bu çəkidə təmsil edən Rafiz Həsənov A qrupunda çıxış edib. O, İv Martial Tadissi (Macarıstan) və Artyom Kravtsova (Belarus) eyni hesabla (1:5), Stefan Pokorniyə (Avstriya) isə 3:4 hesabı ilə yenilib. Qrupu son pillədə tamamlayan Həsənov üçün mübarizə başa çatıb.

 

75 kq

Saysız-hesabsız dünya və Avropa çempionluqları olan Rafael Ağayev B qrupunda rəqiblərini sınağa çəkib. Bakı-2015-in qalibi olan 34 yaşlı karateçi Co Kellavey (Böyük Britaniya) və Ərman Ərdəmiri (Türkiyə) müvafiq olaraq 3:2 və 1:0 hesabı ilə üstələyib. Qabor Harspataki (Macarıstan) ilə də heç-heçə edən Ağayev qrup birincisi olub. Həmyerlimiz yarımfinalda da Estoniya idmançısı Pavel Artamanovdan güclü olub - 2:1. O, finalda Stanislav Xoruna (Ukrayna) ilə qarşılaşıb. Firdovsi Fərzəliyev kimi, Ağayevin də həlledici görüşü uğursuz olub. 0:4 hesabı ilə yenilən idmançımız aktivinə gümüş medal yazdırıb.

 

Qeyd edək ki, dünən karateçilərimizdən Asiman Qurbanlı (+84) qızıl, İrina Zaretska (68 kq) gümüş, Roman Heydərov isə bürünc medal qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest