Belarusda keçirilən II Avropa oyunlarında cüdo yarışlarına start verilib. Matc.az xəbər verir ki, ilk gündə 7 cüdoçumuz tatami üzərinə çıxıb.

Kişilərin mübarizəsində 60 kq çəki dərəcəsində Kəramət Hüseynov Matyaj Trbovçdan (Sloveniya) güclü olsa da, 1/8 finalda Tornike Tsjkodaeaya uduzub. Eyni çəkidə Orxan Səfərov isə David Starkeli (Sloveniya) keçsə də, 1/8 finalda Yorri Vestraetenlə bacarmayıb. 66 kq çəkidə yarışan Nicat Şıxəlizadə isə ilk görüşdə Boqdan İadova (Ukrayna) məğlub olub.

Qadınların yarışında isə 48 kq-da Aleksandra Popu (Rumıniya) üstələyən Aişə Qurbanlı 1/8 finalda Xulian Fiqeroanı keçə bilməyib. 57 kq çəkidə mübarizə aparan İçinxorlu Munxtsedev isə 1/16 finalda Eteri Lipartelianiyə (Gürcüstan) yenilib. 52 kq-da yarışan Gültac Məmmədəliyeva ilk iki görüşündə finlandiyalı Katri Kako və belçikalı Şarlin van Sniki məğlub etsə də, 1/4 finalda Aqata Perentslə (Polşa) bacarmayıb. Buna baxmayaraq, o, təsəlliverici görüşə vəsiqə qazanıb. Ancaq orda da italiyalı Odetta Quiffrida uduzan Məmmədəliyeva bürünc medal qazanmaq şansını itirib.

Beləliklə, ilk yarış günündə tatamiyə çıxan 7 cüdoçumuzun hamısı medalsız qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest