Robert Prosineçki sayəsində hədəf böyüdən milli komandamızla bağlı iştaha o qədər artdı ki, artıq hamı final mərhələsindən dəm vurmağa başladı. Ancaq Avropa çempionatının seçmə mərhələsinin ilk 3 oyunu, xüsusən də, bu ay keçirilən qarşılaşmalar Azərbaycan futbolçusunu əsl səviyyəsinə qaytardı, xam xəyalları açmadan soldurdu.

Əslində, yığmamızın bu cür çıxışında qəribə heç nə yoxdu. Bütün şərait yaradılsa belə, hər seçmə mərhələdə məğlubiyyətləri sıralayır, 5-6 xalla sonda qrupu axırıncı pillədə bitiririk. Yalnız Dç-2018-in seçmə mərhələsi istisna oldu. Prosineçkinin "qazına gəlib" uğurlu başlanğıc edən yığmamız 10 xalla 6 komanda arasında 5-ci yeri tutdu. Qrupumuzda San-Marino olmasaydı, yenə 4 xalla sonuncu yerdə qərarlaşacaqdıq.

Məhz bu 10 xal başda AFFA olmaqla, hamını həvəsə gətirdi. Assosiasiya rəhbərliyi qarşıya AVRO-2020-nin final mərhələsinə vəsiqə hədəfi qoymaqla iddiasını ortaya qoydu. Artıq gözləntilər böyüdü, özümüzü bir anlıq Xorvatiya, Uels səviyyəsində görməyə başladıq. Elə buna görə də, ilk 3 oyundakı yenilgidən sonra əsas tənqid obyekti məhz AFFA oldu.

Amma nəzərə alaq ki, bu ölkədə milliyə çağıra biləcəyin aşağı-yuxarı 15-20 oyunçu var. Onlar arasından "11-liy"i müəyyənləşdirmək üçün isə baş "sındırmağa" ehtiyac yoxdu. Hər dəfə "Amerika kəşf etməyə" çalışan baş məşqçi Nikola Yurçeviç sıradan azarkeşin belə, edə bilməyəcəyi yanlış seçimlərlə özünü "yandırdı". özündən qat-qat güclü komanda önünə 3 tipik hücumçu, həmçinin beynəlxalq təcrübəsi yox dərəcəsində olan Şəhriyar Rəhimov, Anton Krivotsyuk, Rəşad Eyubov kimi oyunçularla çıxmaq artıq intihara cəhddi. Xorvatiyalı da Bakıdakı matçlarda o kəndiri boynuna keçirdi, rəqiblərə yalnız "stul"a təpik vurmaq qaldı.

O ki qaldı futbolçulara, bu barədə çox danışmağa gərək yoxdu. çünki bizdəki futbolçu ilə Avropadakının fərqi yerlə-göy qədərdi. Belə komandalar güclü rəqibi yalnız "savaşaraq" diz çökdürə bilər. Burda artıq taktika, texnika, kombinasiyadan çox "döyüşmə" ruhu ön planda olmalıdı. Macarıstan və Slovakiya ilə oyunlarda meydanda "yatan" futbolçularımız isə nədənsə, heç mübarizə aparmaq istəmədilər.

öncə komandada söz sahibi ola biləcək, liderlik bacarığına malik birini tapıb, kapitanlıq sarğısını ona həvalə etmək vacibdi. Bəli, Maksim Medvedev illərdi stabil oynayan, heç vaxt qalmaqalda adı hallanmayan, gənclərə əsl nümunə olacaq biridi. Ancaq kapitanlıq məsuliyyəti tam başqadı. Artıq yığmanın əsas qapıçısı olmağı haqq edən Emil Balayevdə bu komponentlərin hamısı cəmləşib. Gənc olmasına baxmayaraq, həm mövqeyi, həm də xarakteri baxımından Balayev kapitanlığa tam layiqdi. ölkə xaricində oynayan Fərid Nəbiyev, Ramil Şeydayev, gətirmək mümkündüsə Ayaz Quliyev kimi gəncləri də Balayevin ətrafında toplamaq ən azı yığmamızı gələcəkdə biabırçı nəticələrdən xilas edər və bəlkə də, daha uğurlu çıxışa təkan verər.

Yoxsa son görüşlərə çağırılan bəzi futbolçularla bundan artığını gözləmək sadəlövhlük olar. "Oyun"ları zatən göz qabağında idi...

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest