"Oyun çox ağır keçdi. Rəqibdən üstün oynamağımıza baxmayaraq, iki sadə standart vəziyyətdən qollar buraxdıq". Matç.az xəbər verir ki, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Vüqar Məmməd AFFA-nın rəsmi saytına açıqlamasında deyib.

O, yığmamızın Bolqarıstanla yoxlama oyunundakı 1:2 hesablı məğlubiyyət barədə fikirlərini bildirib: "Məğlubiyyətə layiq deyildik. Komanda 10 oyun idi uduzmurdu. Bəlkə də hesabın belə olması xeyirimizədir. Məğlubiyyətə baxmayaraq, futbolçulardan razı qaldım. Onların hər birinə güvənirəm. Əsas odu ki, komandamız güclü Bolqarıstan yığmasından heç bir komponentdə geri qalmadı. Futbolçularımızın Avropa səviyyəsinə çatmasını istəyiriksə, Bolqarıstan yığması kimi güclü rəqiblərə qarşı çox oyun keçirməliyik. Bundan sonra fikrimizi seçmə mərhələ oyunlarına yönəldəcəyik. Həmin vaxt "Qəbələ" ilə Gənclər Liqasında çıxış edən və xaricdə oynayan bəzi oyunçularımız da bizə qoşulacaqlar".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest