"Möcüzə hər zaman olur. Ancaq inanmıram ki, bu mövsüm nəsə dəyişsin. "Qarabağ" çempionluğa layiq görünür".

"Qarabağ"ın sabiq qapıçısı Anton Kanibolotski Ukrayna mətbuatına geniş müsahibə verib. Matç.az saytı xəbər verir ki, həmyerlilərinin avrokuboklardakı şanslarını dəyərləndirən Polşanın "Medz" klubunun qolkiperi "Vorskla"nın "Qarabağ"la oyununa da toxunub.

- ötən mövsüm "Qarabağ"da idiniz. Azərbaycanın ən güclü klubunu tərk etməyə sizi nə vadar etdi?

- Bunun səbəbləri var idi. İlk növbədə az oynamaq imkanı əldə edirdim. İkincisi, bir il Azərbaycanda çıxış etdikdən sonra Ukraynaya yaxınlaşmaq istədim.

- Hazırkı komandanız "Medz"i maliyyə baxımdan "Qarabağ"la müqayisə etmək olar?

- Əlbəttə ki, xeyr. Azərbaycan klubunda bu baxımdan hər şey yüksək səviyyədədi.

- Necə düşünürsüz, yaxın müddətdə "Qarabağ"ı öz çempionatında kimsə taxtdan sala bilərmi?

- Möcüzə hər zaman olur. Ancaq inanmıram ki, bu mövsüm nəsə dəyişsin. "Qarabağ" çempionluğa layiq görünür.

- Bu komandanın gücü nədədi?

- Digər komandalarla müqayisədə daha çox texnikalı oyunçuya malik olmasında. Həmçinin komanda taktiki cəhətdən də çempionatındakı rəqiblərindən savadlıdı.

- Avropa Liqasının qrup mərhələsində bu gün "Qarabağ"la qarşılaşacaq "Vorskla" futbolçularına məsləhətiniz nə olar?

- Azərbaycanlılar evdə çox güclü olurlar. "Qarabağ"ın ilk dəqiqələrdən hücum futbolu göstərməsi heç kimə sürpriz olmaz. Poltavalı futbolçular standart vəziyyətlərdən daha yaxşı yararlanmağa çalışmalıdılar. "Qarabağ"ın bu komponentdə problemi var. "Vorskla"nın "Arsenal" və "Sportinq"lə matçlardakı mübarizliyini nəzərə alsaq, ümid edirəm ki, komanda yenə eyni şəkildə çıxış edər.

- "Vorskla" üçün bu, qrupdan çıxmaq şansını qorumaq baxımından son çarədi...

- "Vorskla" "Qarabağ"ı məğlub edəcək gücdədi. Poltava klubunun individual cəhətdən seçilən oyunçuları var. Onlar qrupun ilk iki görüşündə də yaxşı oynamışdılar. Əgər taktiki cəhətdən düzgün hazırlaşsalar və bütün güclərini ortaya qoysalar, 3 xal qazana bilərlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest