Avropa Liqasının qrup mərhələsində "Vorskla" ilə vacib oyuna bir gün qalmış "Qarabağ"ın düşərgəsinə "basqın edilməsi" bir andaca bugünkü görüşü ikinci plana atdı. Azərbaycan Milli Anti Dopinq Agentliyinin (AMADA) əməkdaşlarının qaça-qaçla Bakı Olimpiya Stadionuna (BOS) özlərini çatdırıb 7 futbolçunu məşqdən təcrid etməsi və onları dopinq-testdən keçirməsi birmənalı qarşılanmadı.

Əslində, bu, birmənalı qarşılanacaq olay da deyil. Axı həmin addımın Azərbaycan futbolu adına mühüm sayılacaq görüş öncəsi atılması bu qədər vacib idimi?

Düzdü, bu qurumun kluba, futbolçuya xəbər vermədən nəinki məşqdə, hətta küçədə gedərkən, restoranda nahar edərkən də hədəfindəki şəxsi dopinq-testdən keçirmək ixtiyarı var. Yəni onlardan qaçış şansın yoxdu. Bu baxımdan AMADA-nın "Qarabağ"a ziyarəti normaldı. Anormal olan odu ki, çox yox, cəmi bir sutka sonra avrokubok matçına çıxacaq komandanın oyunöncəsi son məşqlərindən biri pozulur.

İstəsələr, oyundan 3-4 gün əvvəl, bir gün sonra və ya hətta çempionat matçı günü də bunu edə bilərdilər. İndi sual ortaya çıxır: Azərbaycanı ölkə xaricində təmsil edən, işğal altında olan torpaqların adını daşıyan bir komandanın avrokubok görüşü öncəsi planını pozmaq kimin xeyrinə işləyir?

AMADA dopinq-test üçün WADA, UEFA və ya yerli assosiasiyadan sifariş ala bilər. Tələm-tələsik gəlib, komandadakı atmosferi pozmaq üçün ciddi siqnal almış olmalısan. Qurumun rəhbəri Şəfəq Hüseynli isə oyunçularda test nəticələrinin neqativ olduğunu açıqlayıb. Əgər əliniz ətəyinizdən uzun qayıdacaqdınızsa, bu təlaşa, düşərgədə ab-havanı pozmağa nə lüzum var idi? Axı sizin maneçilik törətdiyiniz komanda düz 5 dəfə Azərbaycanı avrokubokların qrupunda təmsil edib, onlarla ölkənin insanlarına Qarabağ adının hansı mənanı kəsb etdiyini eşitdirib. Sifariş aldığınız quruma (və ya özbaşına hərəkət etmisinizsə, öz rəhbərinizə) çatdırın ki, istədiyiniz oldu, oyunöncəsi futbolçuların fikrini yayındırmaq tapşırığı yerinə yetirildi.

Ruslan SADIQOV

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest