Qolları birinci hissədə də, ikincidə də sanki bir az tez buraxdıq. Fərqi azaltdıqdan sonra həvəsə gəldik. İstədik ikincini də vuraq. İrəli atılarkən, yenidən qapımızda qol gördük. Yəni fərqləndikdən sonra da tez qol buraxdıq.

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilmiş Macarıstanla oyundan sonra müsahibə verib. O, matc.az saytının əməkdaşının sualını da cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiz? Yəqin ki, gözlədiyiniz hesab deyildi…

- Əlbəttə. ümidimiz çox idi, qalib gəlmək istəyirdik. Yaxşı nəticə olmayanda inanın ki, biz də üzülürük. çünki 10-15 gün öncədən bir araya gəlib, təlim-məşq toplanışı keçir, həvəslə oyunlara hazırlaşırsan. Sonra belə nəticə olduqda insan özünü etdiyi hər şey boşa getmiş kimi hiss edir. Amma düşünürəm ki, ümidimiz hələ də var. Slovakiya ilə matçda hər şeyi düzəldə bilərik. Həmin görüşdə əlimizdən gələndən də artığını etməliyik.

- Amma komanda ruhu hiss edilmirdi. Buraxdığımız iki qol yığmanı "sındırmış" kimi oldu?

- Qolları birinci hissədə də, ikincidə də sanki bir az tez buraxdıq. Fərqi azaltdıqdan sonra həvəsə gəldik. İstədik ikincini də vuraq. İrəli atılarkən, yenidən qapımızda qol gördük. Yəni fərqləndikdən sonra da tez qol buraxdıq. Düşünürəm ki, bu amil də bir az rol oynadı. Evdə oynayırdıq, qalib gəlmək istəyirdik. Ola bilsin, hardasa boşluqlar verdik. Amma səhvlərimizə baxıb, nəticə çıxarmalıyıq və gələn oyunlarda bunu təkrarlamamalıyıq.

- Sizcə, Macarıstandan xal almaq olardı?

- Əlbəttə. Mümkün idi. Biz hər iclasda bunu deyirdik. Yəni baş məşqçi şansımızın olduğunu söyləyirdi. Biz də buna inanırdıq. Sadəcə bəxtimiz gətirmədi.

- Qarşıda Slovakiya ilə oyun var. Bu məğlubiyyət komandaya nə dərəcədə təsir edəcək? Yoxsa motivasiya verəcək?

- Slovakiyanın bir oyununa baxmışıq. Hələ tam analiz etməmişik. Yəqin ki, buna sabah başlayacağıq. Amma həvəsdən düşmək lazım deyil. Əsl komanda ruhu burda bilinir. Nə olursa olsun, çıxıb öz oyunumuzu oynamalı, yaxşı futbol göstərməliyik.

- Qrupumuzdakı rəqiblərin hamısı bir-birilə təxminən eyni gücdədirlər. Eyni zamanda, bizə yuxarıdan aşağı baxırlar, millimizdən üstündürlər. Bu sizi qorxutmur ki?

- Qorxsaq, elə də olacaq. Məncə, qorxmamaq lazımdır. Ən azından oyuna gələn insanlara da, baxanlara da futbol həyəcanı yaşatmaq lazımdır. çünki artıq futbol dəyişib. Nəticə olmayanda artıq azarkeşlər də baxır ki, komanda oynadı, amma lazımı hesab olmadı. Düşünürəm ki, sadəcə öz futbolumuzu oynamalıyıq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest