"Azarkeşlərimizə bugünkü gözəl dəstəyə görə təşəkkür edirəm". Matc.az saytı xəbər verir ki, bu sözlər Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviçə məxsusdu. AVRO-2020-nin seçmə qrup mərhələsinin III turunda Macarıstanı qəbul edən yığmamız meydanı 1:3 hesablı məğlubiyyətlə tərk edib.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında xorvatiyalı çalışdırıcı fikrini bu sözlərlə davam etdirib: "İlk 10-15 dəqiqədə həyəcanlı idik. Macarlar standart vəziyyətlərdən təhlükəli olurdular. Onlara da belə anlarda hədiyyə etdik. Getdikcə oyunu bərabərləşdirdik, döyüşdük. Futbolçularımızın performansı pozitiv, topa nəzarət ürəkaçan idi. Ancaq ən önəmli olan nəticəni qazana bilmədiyimiz üçün məyusam. Bu gün yeganə fərq standart vəziyyətlər idi. Xorvatiya ilə matçda da belə vəziyyətdən qol buraxmışdıq. Hesabı 1:2 etdikdən qısa müddət sonra çox tez qol buraxdıq. Bu oyunda daha artığına layiq idik".

- Geriyə ötürmələri topa nəzarət kimi nəzərdə tutursunuz?
- Bayaq da dediyim kimi, çox yaxşı mübarizə apardıq, tək fərq standart vəziyyətlər idi. Bəli, çox geri ötürmələr var idi. Rəqib yaxşı pressinq etdiyindən, irəliyə oynamaq çətin olurdu.

- Rahil Məmmədov əlacsızlıqdan meydana buraxmışdınız, yoxsa alternativi yox idi?
- Bəli, bu gün bir az həyəcanlı idi. Əlindən gələni etdi, onu tənqid etmək istəmirəm. Bizim mərkəz müdafiəçisi mövqeyində böyük rəqabətimiz də yoxdu.

- Düşünmürsünüz ki, heyət seçimi zamanı hücum xətti ilə bağlı səhvə yol vermişdiniz?
- Hücum xətti ilə bağlı səhv etdiyimi düşünmürəm. Fikirlər fərqli ola bilər. Komanda olaraq yaxşı mübarizə apardıq. Standart vəziyyət oyunun tərkib hissəsindən biridi. Bu gün də bu amil öz sözünü dedi.

- Hər kəs bizə ən münasib rəqib kimi Macarıstanı görürdü, ancaq uduzduq. Buna baxmayaraq, çox pozitivsiniz...
- Demirəm ki, hər şey pozitivdi. Nəticəyə görə çox üzülürəm.

- Renat Dadaşov ilk hissədə meydanda görünmürdü. Onu gec əvəzləməyinizin səbəbi nə idi? Həmçinin, Dmitri Nazarovu da qeyd etmək olar...
- Həm Dadaşov, həm də Nazarov fasilədən sonra yaxşı çıxış etdi. Düzdü, ilk hissədə yaxşı deyildilər. Daha çox Nazarov nəsə etməyə çalışırdı. Sonradan meydana daxil olan futbolçular da oyunu canlandırdılar. Oyunda müsbət məqam, demək olar ki, yox idi. Bu görüşü unudacağıq. Növbəti gündən Slovakiya ilə oyunun heyəti barədə düşünəcəyik.

- Ramil Şeydayevi cinahda oynatmaqla onun əl-qolunu bağladığınızı düşünmürsünüz?
- Şeydayevlə bu barədə danışmışdım. Ramil Rusiya çempionatında da bu mövqedə çıxış edir. Bu səbəbdən qeyri-adi seçim deyildi. Onu cinahda oynatmağımızda məqsəd daha təhlükəli olma istəməyimiz idi. Məğlub olmuşuqsa, belə sualları normal qarşılayıram.

- Qrupda hansısa komandanı niyə qabaqlamalıyıq? Futbolçularımız, yoxsa məşqçimiz rəqiblərdən güclüdü? Məntiqli səbəb varmı?
- Sualı tam anlaya bilmədim. Futbolda reytinq deyilən məqam var. Bu da komandaların real səviyyəsini göstərir. Buna əsasən demək olar ki, hansı komanda digəri ilə qarşılaşmada favoritdi. Amma bu o demək deyil ki, əlimizi yanımıza salmalıyıq. Sona qədər mübarizə aparmaq lazımdı.

- AFFA prezidenti Rövnəq Abdullayev oyundan əvvəl futbolçularla söhbətində qələbənin önəmindən və final mərhələsinə vəsiqənin nə dərəcədə əhəmiyyətli olmasından danışmışdı. Necə düşünürsünüz, hələ də buna şansımız varmı?
- Hər oyunda ən yaxşısını etməyə çalışırıq. Xorvatiya ilə oyunda yaxşı çıxış etmişdik, xal qazana bilərdik. Bu gün ümumiyyətlə, alınmadı, məyusuq. Slovakiya önündə yaxşı nəticə əldə edə bilsək, mübarizənin içində olacağımızı düşünürəm.

- 3-4 aydı Azərbaycandasınız. ölkədə potensialı olan futbolçular varmı ki, reytinqimizi yaxşılaşdırmağa ümid edək?
- Bəli, bizdə belə oyunçular var. Rahil, Renat, Mahir kimi futbolçularımız var. Amma hələ də inkişaf etməlidilər. Həmçinin Aleksey İsayev və ömər Buludovu da qeyd edərdim. 20-23 yaş arası oyunçulara nəzər yetirmək lazımdı. Onlar inkişaf etdikdən sonra nəticələrimiz yaxşılaşacaq və reytinqimiz artacaq.

- Həmin gənc oyunçular bu gün niyə meydanda deyildilər? Risk etmək istəmədiniz?
- Start heyətində 4 belə oyunçu var idi: Renat, Mahir, Rahil, Anton. Digərləri də ehtiyatda. Başqa komandalarla müqayisədə daha yaxşı göstəricidi. Gələcəkdə bu say daha da arta bilər. Bugünkü matçda 4 futbolçunun start heyətində yer alması düşünürəm ki, yaxşı başlanğıcdı.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest