AVRO-2020-nin seçmə mərhələsində bu gün Macarıstanı qəbul edəcək Azərbaycan millisinin start heyəti böyük ölçüdə müəyyənləşib. Matc.az saytının əldə etdiyi məlumata görə, baş məşqçi Nikola Yurçeviç hücumameyilli heyətə şans verəcək.

Xorvatiyalı çalışdırıcı əvvəldən "çərçivə"ni Səlahət Ağayevə tapşırmağı planlaşdırırdı. Baş məşqçi bu gün də fikrini dəyişməyəcək.

Müdafiənin mərkəzində Bədavi Hüseynov və Rahil Məmmədovun yer alması gözlənilir. Kapitan Maksim Medvedevin sağ, Anton Krivotsyukun isə sol cinahda meydana çıxması ehtimal edilir. Görünür, Yurçeviç macarların "ikinci mərtəbə"dəki gücünü nəzərə alaraq, ucaboy müdafiəçilərlə mübarizə aparacaq.

4-3-3 sxemində əsas yük orta sahə oyunçularının üzərinə düşəcək. Qara Qarayev - Riçard Almeyda - Dmitri Nazarov "trio"sunun yarımmüdafiədə yer almasını proqnozlaşdırmaq çətin deyil.

O ki qaldı ön xəttə, Yurçeviç Mahir Mədətovu sağ, Ramil Şeydayevi sol cinahda, Renat Dadaşovu isə hücumun sivri ucunda oynatmaq niyyətindədi.

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Macarıstan görüşü 20:00-da start götürəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest