Yeni mövsümdə Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Neftçi" transfer çalışmalarını davam etdirir. Matc.az saytının məlumatına görə, "Qarabağ"ın hegemonluğuna son qoyaraq çempion olmağı hədəfləyən "ağ-qaralar" daha bir sabiq futbolçusunu qaytarmağa hazırlaşır.

Klub rəhbərliyi bu ilin yanvarında Cənubi Koreyadan aldığı sərfəli təklifə görə, çempionluğa iddia edən komandanı tərk edən Dario Frederikonu qaytarmaq niyyətindədi. "Daequ" klubunda xoşbəxt olmayan braziliyalı vinger "Neftçi"dən gələn təklifə müsbət cavab verib.

Tərəflər arasında danışıqlar davam edir. "Flaqman"dan indi daha sərfəli təklif alan 28 yaşlı futbolçu Cənubi Koreya klubunun razılığını ala bilsə, yenidən ölkəmizə qayıdacaq. ötən mövsümün əvvəlində "Kəpəz"dən heyətə cəlb edilən Frederiko yarım mövsüm ərzində çıxışı ilə azarkeşlərin rəğbətini qazana bilmişdi.

Qeyd edək ki, "Neftçi" hələlik yalnız "Qəbələ"dən Rauf Əliyev və Vojislav Stankoviçi transfer edib. Əliyev 2015-ci ildə "ağ-qaralar"ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest