"Neftçi" azarkeşləri sosial şəbəkələrdə kütləvi şəkildə prezident Kamran Quliyevin istefasını tələb edirlər. Bu da səbəbsiz deyil. Matc.az Kamran Quliyevin söz verib etmədiyi bəzi vədləri yada salır.

Avrokuboklara vəsiqə qazanmağa yaxın olan "Sumqayıt"ı 1 gündə "Neftçi"yə dəyişib, keçmiş komandasını pis vəziyyətdə qoyan Quliyev yeni klubuna çox iddialı gəlmişdi. O azarkeşlərə qızıl dağlar vəd versə də, hamı köhnə hamam, köhnə tas gördü.

Kamran müəllim, azarkeşlərə ötən mövsüm avrokuboklarda uğurlu çıxış vəd etmişdi. "Uypeşt" faciəsi hələ uzun müddət unudulmayacaq...

Quliyev bu mövsüm üçün "qızıl dubl"dan dəm vururdu. Amma Premyer Liqanın ən kiçik büdcəli klubu "Sumqayıt" həm kubokda, həm də çempionatda onun bu xəyallarının üstündən xətt çəkdi..

çiçəyi burnunda prezident Azərbaycan tarixinin qəhrəman isimlərindən olan İsmət Qayıbovun adını Türk Hava Yolları ilə dəyişib, dünya şöhrətli aviaşirkətin maddi dəstəyi ilə yeni bazanı bu mövsümün sonunda təhvil verəcəyini demişdi. Amma nə baza var, nə də THY-in "Neftçi"nin sosial şəbəkələrindəki davamlı reklamı...

Kamran bəy Azərbaycanda bir ilkə imza ataraq, klub televiziyasını yaradacağını və artıq bu ilin mayından azarkeşlərin evdə oturub sevimli klublarının kanalını televiziyadan izləyəcəklərini deyirdi. Artıq iyun ayıdı və söhbət deyəsən ölüb...

Kamran Quliyev legioner seçimini çox dəqiq aparacaqlarını, hər futbolçunu stadiondan izləyəcəklərini, bu işdə səhvi minimuma endirəcəklərini demişdi. Amma transfer siyasəti fiaskoya uğradı. Alınan legionerlər təzminat ödənib göndərildi. Kamran müəllimə yaxın olmayan menecerlərlə işlədiyi üçün göndərilən İqnasio Errera kimi legionerdən dəfələrlə zəifləri alındı və elə indi bərk-bərk tutub saxladıqları Sansone kimi "qurtarmış" futbolçuların qalmasından kim fayda götürürsə bilinmir. Bilinən bircə şey var ki, klub olaraq "Neftçi" bu cür lazımsız futbolçulara verilən pulları, çəkilən xərci itirir, kimsə fərd olaraq bundan cibinə qazanc götürürsə, bu başqa məsələ. Sağ olsun, "Qəbələ"nin seleksiya xidməti, onların hesabına Dabo alındı, yoxsa istisnasız bütün legionerlər üz qarası idi.

Biz Kamran Quliyevin istefa mədəniyyəti göstərib getməsi üçün bir neçə səbəb dedik. Amma bu siyahını sonsuza qədər uzatmaq olar. Azarkeşlərlə yenicə bərpa olunmuş xoş münasibətin korlanması və onların hüquq mühafizə orqanlarına dəvət edilməsi, "Qarabağ"ın "Bakcell Arena"da çempionluq kubokunu qaldırması, xarizmasız prezidentin baş məşqçisinə feysbukdakı fanat səhifəsindəki sorğuda layk qoyaraq "getsin" deməsi, uğursuzluğu futbolçuların boynuna yıxıb, satqın çıxarıb, azarkeşlərlə futbolçuları üz-üzə qoyması, klubdaxili atmosferin olduqca pis vəziyyətə düşməsi, akademiyadakı ən istedadlı uşaqların laqeydlik və pis münasibət üzündən klubu, hətta futbolu tərk etməsi, "Neftçi" kimi sanballı klubun prezidentinin nəinki SOCAR və ya AFFA-da, heç öz klubunda belə söz sahibinə çevrilə bilməməsi, ötən il Tərlan Əhmədovu qovmaq üçün kubokun yarımfinalında "Qəbələ" ilə cavab oyunundan sonra yaşananlar, sadalamadığımız bir çox əsaslı məqamlara görə Kamran Quliyev özünə hörmət etsə, artıq "Qarabağ"ın "Neftçi"nin stadionunda çempionluq kubokunu qaldırmasından əvvəl istefa verməli idi. Amma vermədi və qovulana kimi verməyəcək.

"Neftçi" azarkeşləri isə "Sumqayıt"ı çox kiçik büdcəylə kubokun finalına yüksəldən Riad Rəfiyevin Kamran Quliyevi əvəzləməsini istəyir. Riad bəyin atası Rasim müəllim də "Neftçi"ni sevən insanların qəlbində əbədi taxt qurub. Amma "ağ qaralar"ın son illərdə ən böyük büdcəsini havaya sovuran və naməlum istiqamətdə yox edən Kamran Quliyev heç layiq olmadığı postundan dördəlli yapışıb, zorla qopartmasalar gedəsi deyil.

"Neftçi"nin feysbukdakı məşhur fanat səhifəsində baş məşqçisi Tərlan Əhmədova "getsin" deyib onu qovan, Quliyevin özünə indi elə həmin səhifədə keçirilən sorğuda "Neftçi" azarkeşləri Kamran Quliyev dərhal, sorğu sualsız "getsin" deyir. Amma Kamran Quliyevdən səs çıxmır. O heç özü ilə bağlı sorğuda iştirak da etmir ki, azarkeşlər gedib qalması haqda fikrini öyrənsin.

Amma görünən dağ (sözün hər mənasında) uzaqda deyil. Quliyevin gedişi gəlişindən daha pis olacaq - ən ağlagəlməz Hollivud süjetlərindən belə daha betər...

Biz isə sadəcə, feysbukdan götürdüyümüz 3 skrinşotu təqdim edib bu yazıya nöqtə qoyuruq. Tanınmış menecer Erkin İbrahimovun "Futbol+" qəzetinə açıqlaması, telejurnalist Ceyhun Rzayevin  "Neftçi" azarkeşi tərəfindən paylaşılan statusu və "Neftçi" azarkeşinin Səlahət Ağayevlə müqavilənin uzadılması ilə bağlı yazdıqları.

Allah "Neftçi" azarkeşlərinə səbr, təsisçilərinə isə klubun əsas probleminə ayırmaq üçün vaxt versin...

Bütün sadaladığımız səbəblərdən, faktlardan və ictimaiyyət arasında "Neftçi" prezidenti adını, "Neftçi" adını bu qədər aşağı salandan sonra vəzifədən getmək üçün daha nə lazımdı?!

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest