Avropada başa çatan 2018-19 mövsümü ilə ölkələrin və klubların reytinq cədvəli açıqlanıb. Matc.az saytının məlumatına görə, siyahı son 5 ildəki reytinq xallarına görə müəyyənləşib.

Azərbaycan qitənin 55 ölkəsi arasında 26-cı yerdə qərarlaşıb. 2018-19 mövsümündə klublarımız beynəlxalq arenada 2375 xal toplayıb ki, bu da ümumi reytinq xalının 19000-ə çatmasına səbəb olub. Avrokuboklarda 4 klubla təmsil olunan Azərbaycan Polşa və Qazaxıstandan cəmi 0.250 xal geridə qalıb.

Bu baxımdan liderlik İspaniyanın (103569 xal) olub. İngiltərənin 4 klubunun çempionlar Liqası və Avropa Liqasında finala qədər irəliləməsinə baxmayaraq, Dumanlı Albion təmsilçiləri 85462 xalla ikinci sırada qərarlaşıb. İlk "üçlüy"ü isə İtaliya (74725) qapayır.

Klubların reytinq siyahısına gəlincə, ilk "100-lüy"ə düşən yeganə komandamız "Qarabağ"dı. Aktivində 22000 xal olan Azərbaycan çempionu "Leypziq", "Feyenoord" və "Lester"lə birlikdə 69-72-ci sıraları bölüşür. "Qarabağ" Türkiyə çempionu "Qalatasaray"dan cəmi 0.500 xal az toplayıb.

Azərbaycan kubokunun qalibi "Qəbələ" (6.250) "Düdelanj"la birlikdə 169-170-ci yerləri bölüşür. Siyahıya düşən digər klublarımızdan "Neftçi" (3250) 273-cü, "Keşlə" (3000) 274-cü, "Zirə" (0.500) 275-ci, "Kəpəz" isə (0.500) 276-cı yerləri tutublar.

Klubların reytinqinə "Real" başçılıq edir. Bu mövsümdəki uğursuzluğa baxmayaraq, əvvəlki illərdə topladığı xallar "kral klubu"nu (146000 xal) zirvədə saxlayıb. Digər İspaniya nəhəngi "Barselona" (138000) ikinci, Bundesliqa çempionu "Bavariya" isə (128000) üçüncü sırada qərarlaşıb. çempionlar Liqasının qalibi "Liverpul" buna baxmayaraq, ilk "10-luğ"a düşə bilməyib. Yurgen Kloppun yetirmələri hazırda (91000) 11-ci yerdədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest