Hələ finaldan iki gün əvvəl məlum olmuşdu ki… Madrid hazır deyil. Dəfələrlə Avropa və dünya miqyaslı futbol yarışmalarına ev sahibliyi etmiş İspaniya paytaxtı əvvəlcə tuneldə ilişdi. Hə, düz oxudunuz, tuneldə.

Finaldan iki gün əvvəl, mayın 30-da "Capital Liv News" xəbər yaydı ki, İngiltərənin "Liverpul" klubunun avtobusu UEFA çempionlar Liqasının final oyununun keçiriləcəyi "Vanda Metropolitano" stadionunda tunelə ilişib. Mersisayd təmsilçisi yarım saat ərzində tuneldə qalıb.

Oyundan bir gün əvvəl isə Madriddə final biabırçılığının ilk əlamətləri görünməyə başlayıb.

CNN-in xəbərində final qarşılaşması ilə əlaqədar Madriddə azarkeşlər üçün ciddi problemlərin yaşandığı qeyd edildi. Biletlərin bahalığı, ingilis azarkeşlərin Madridə getmək üçün ciddi problemlərlə üzləşməsi, otellərdə yaşanan çətinliklər xüsusi vurğulandı. Bildirilirdi ki, "qara bazar"da bir biletin qiyməti 10 min dollardan 31 min dollara qədər dəyişir. Bununla yanaşı, azarkeşlərin Madridə səfəri 12 saata qədər çəkir və ən azı 9 min dollar xərc tələb edir. Azarkeşlər baş verənlərdən ciddi şəkildə narazıdırlar.

"TheTelegraf" isə hələ bir gün əvvəldən yazırdı ki, oyuna gələn azarkeşlərin üçdə birinin bileti saxtadı.

"Avronyus"un xəbərində bildirilirdi ki, UEFA bir qrup şəxsin çempionlar Liqasının final qarşılaşmasına bilet oğurlayaraq "qara bazar"da baha qiymətə satmaları barədə xəbərdarlıq edib. UEFA-nın rəsmi saytında qiymətlər 70-600 avro olduğu halda, "qara bazar"da bu biletlər bir neçə min avroya satılır. Madridin bələdiyyə polisi peşəkarlıqla hazırlanan saxta biletlər satan şəxsi saxlayıb. İspaniya paytaxtında saxta bilet satan şəxslərin bir neçəsi həbs edilib. Polisin məlumatında bildirilib ki, iki saxta bilet azarkeşlərə 8400 avroya satılıb.

BBC-nin xəbərinə görə, final matçına çox sayda saxta bilet satılıb. Azarkeşlərə qarşı dələduzluq faktları qeydə alınıb. Belə ki, "Radio Galler"in aparıcısı Vinn Evans finala onlayn qaydada 2 bilet almaq üçün 7 min funt sterlinq ödəyib. Lakin ona istədiyi biletlərin artıq satıldığını deyiblər.

"Mən pulu ödədikdən sonra agentlik sifarişi yerinə yetirə bilmədiyini söylədi. Onlar mənim aldığım bileti daha baha qiymətə satmaq imkanı yarandığı üçün başqasına verdilər",  - Evans bildirib.

O, sonra daha çox vəsaitindən keçərək ödəyərək iki bilet əldə edib. Lakin daha əvvəl ödədiyi pulu geri ala bilməyib. Bundan başqa, şəhərdə saxta bilet satmaq istəyən bir qrup italiyalı polis tərəfindən saxlanılıb.

Həmin ərəfədə Rusiyanın "matchtv.ru" saytı da bildirirdi ki, UEFA azarkeşlərə xəbərdarlıq edib: "qara bazar"da satılan biletlərin əksəriyyəti saxtadı.

CNN-in başqa bir xəbərində isə qeyd edilib ki, ingilis azarkeşlər Madriddəki final qarşılaşması gecəsi otellərin və hostellərin qiymətlərinin son dərəcə baha olmasından gileylənirlər. Vəziyyət o həddə çatıb ki, turistlərin bəziləri Madridə yaxın yerlərə gedərək orada ev kirayələyib və final gecəsi stadiona yollanıblar.

Bu hələ harasıdı? Madrid stadiona nəqliyyat daşımalarının da öhdəsindən gələ bilməyib. Stadiona gedən yolda kilometrlərlə tıxac yaranıb. İş o yerə çatıb ki, "Liverpul"un sahibi Con Henri belə stadiona tez çatmaq üçün maşınından düşüb piyada getməyə məcbur olub.

Madriddəki matç ərəfəsində şəhərdəki vəziyyəti isə britaniyalı fanatlar "diktatura rejimi", "konslager" adlandırırıblar. İspaniyanın xüsusi təyinatlı polis əməkdaşları 64 britaniyalı fanatı saxlayıb, 31 nəfər vəhşicəsinə, xeyli azarkeş deportasiya edilib. Polislər hətta barlarda əylənən fanatlara belə hücum ediblər.

Oyun zamanı o da məlum olub ki, nə polis, nə də stüardlar finala hazır deyil. Təhlükəsizlik sahəsində problem var. Buna sübut qarşılaşmasının 18-ci dəqiqəsində qaçaraq meydana çıxan bikinili qadın oldu. Hakim Damir Skomina oyunu bir neçə dəqiqə saxlamalı oldu.

Hə, məhz onda məlum oldu ki, Bakı Madriddən beş baş üstün imiş.

Hə, elə, Blazers adlı "Twetter" istifadəçisinin yazdığı kimi: "Bakı, sənə güldüyümüzə görə bizi bağışla. Geriyə baxanda görürük ki, ora Madriddən daha yaxşı idi".

Elə İngiltərənin ən məşhur futbol ekspertlərindən biri Brayan Uirli də bunu deyir:

"Bakı uzaq olsa da, oradakı matçın təşkili əla idi. Şəhər çox təmiz, təhlükəsiz, stadiona gediş rahat. Bura əsl cəhənnəm oldu. çempionlar Liqası tarixində ən pis təşkil olunmuş matçdı".

Razılaşaq ki, "çelsi" və "Arsenal" klubları arasında UEFA Avropa Liqasının Bakı finalı əsl futbol bayramı idi. Son illər bir çox mötəbər turnirlərə ev sahibliyi edən Azərbaycan bir daha dünyaya mükəmməl təşkilatçılıq bacarığını nümayiş etdirdi.

 Azərbaycan Avroliqanın final oyununu tələb olunan səviyyədə keçirməklə bir daha sübut etdi ki, 2020-ci ildə Avropa futbol çempionatının dörd matçını da yüksək səviyyədə təşkil etmək bacarığına və gücünə malikik.

Hələ, bu harasıdı? Yaxın illərdə çempionlar Liqasının finalının Azərbaycana, Bakıya veriləcəyinə isə əminəm. Və nəhayət, bu ilin Bakı finalından isə avropalıların öyrənəcəyi çox şeylər var. öyrənin, cənablar, öyrənin.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest