Cavid Hüseynovun kiçik şedevri, Asif Məmmədovun tarixi qolu, Fariz Nəcəfovun azarkeşləri polis maşınından düşürməsi, "Panatinaikos" və "Lill" möcüzələri, anası ilə "peraşki" yeyən qaraca qız maraqlı bir film kinolenti kimi gözümdə və beynimdə canlanır...

Düz 4 il əvvəl, bu vaxtlar "Qəbələ" Avropanın fəthinə hazırlaşırdı. Qeyri-futbol ölkəsinin qeyri-futbol şəhərinin təmsilçisi ilk mərhələdən başlayıb qruplara qədər gedib çıxacaqdı və bunu iki dəfə təkrarlayacaqdı.

İsti bir yay günü "Keşlə"nin baş meneceri Eldəniz Yusifovla Qatar Airways şirkətinin "Bric Plaza"da yerləşən satış ofisinə yollanırıq. Bəxtimizdən Tiflisə biletlər tükənməyib. Və budu, artıq təyyarədəyik, eyni reyslə Gürcüstan paytaxtına yollanan "Qəbələ"nin indiki prezidenti Fariz Nəcəfovla görüşüb yerlərimizə keçirik…

…Eldəniz gürcü dilini bildiyindən qonşu ölkədə özümüzü qərib turist kimi hiss etmirik. "Qəbələ" ilə Tiflisə bir avtobus jurnalist gedib. Köhnə "Futbol+"çi Yusifovla hava limanından dərhal jurnalist dostlarımızın yanına yollanırıq. "Qəbələ"nin başında olan şəxslər bacarıqlı və gənc kadrlara güvənib, onlar da ümidləri artıqlamasıyla doğruldur. Bunu elə Tiflisdəki ab-havadan dərhal hiss etmək olar. Komandada gözəl dostluq mühiti var, Bakıdan gələn onlarla jurnalist mehriban münasibət görür və özünü doğmalarının yanındakı kimi hiss edir. Eldənizlə ekspromt yaranan bu səfərimizə görə peşiman olmuruq. Tam əksinə, "Qəbələ"nin tarixində avrokuboklarda ilk qola – Cavid Hüseynovun ifasında kiçik şedevrə canlı şahidlik edirik. Komandamız uduzsa da, oyunu gələcəyə nikbin baxmağa əsas verir.

9 iyul, 2015-ci il. Klubun təşkil etdiyi avtobusla jurnalist dostlarla "Gənclik"dən Qəbələyə üz tuturuq. Həmkarlar 2 gün əvvəl ata olduğumu bildiyindən səfərimə bir az təəccüblənir. Amma bu komandadan gözləntilərim çoxdu, stadiondan izləməliyəm! Yeni bir tarixin başlanğıcına canlı şahidlik edirəm: oyunun bitməsinə 5 dəqiqə qalmış meydana çıxan Asif Məmmədov son dəqiqədə hesabı açır və bu qol komandamızı növbəti mərhələyə yüksəldir. "Qəbələ"nin uğurlu Avropa yürüşü bax belə başlamışdı...

Daha sonra klub, qeyd etdiyim kimi, iki dəfə Avropa Liqasının qrupunda oynadı. Bunu bütün Azərbaycan gördü. "Panatinaikos", "Lill" kimi klublar məğlub edildi. "Qəbələ" Avropada Azərbaycan futbolunun brendlərindən birinə çevrildi. Qısa müddətdə bunu bacarmaq çox böyük uğur idi.

Komandadaxili ab-hava, birlik-bütövlük ilə hamıya örnək göstərirdilər. Gözümün önündə avrokuboklarda xüsusən "Qəbələ" üçün ən uğurlu stadion sayılan "Bakcell Arena"da polislər "Apollon"la oyundan sonra "Qəbələ" azarkeşlərini maşına doldurub aparanda Fariz Nəcəfovun qaçıb mane olması, sonda bütün azarkeşləri azad etdirməsi dayanır. Azarkeşlərini polisə vermək, həbsə atdırmaq yolunu seçməmişdi "Qəbələ", ümumiyyətlə, Azərbaycan futboluna tam başqa təfəkkürdə bir klub idarəçiliyi gəlmişdi. Və bunun qarşılığı mütləq olmalıydı, nəticələr qazanılacaqdı...

Amma ən vacib oyunlarda da Qəbələ stadionunun tribunaları dolmurdu... Komanda Qəbələdən çox kənarda sevilirdi və bu bəlkə də dünyada bir ilk idi. "Qəbələ" həm əsas komandada, həm də akademiyada aparılan düzgün işin sayəsində futbolumuzun dəyərinə çevrildi. "Qəbələ"nin yetirmələri müxtəlif milli komandalarda, əcnəbi klublarda çıxış edir. "Qəbələ"də ən azı 5 gənc peşəkar kadr var ki, hərəsi bir premyer-liqa klubunda prezident olacaq potensiala malikdi. Bu heyət bu gün Avropa Liqasında pley-off, premyer-liqada çempionluq hədəfi qoyub məqsədə çatacaq bacarıqdadı. "Qəbələ"nin bazası da, akademiyası da ölkədə ən yaxşıdı. "Qəbələ" ölkədə ən güclü seleksiyaya, ən güclü akademiyaya, ən güclü idarəçilərə və legionerlərə malikdi. Məntiqlə klub indi qarşısına daha böyük hədəflər qoymalıdı. Amma bura Azərbaycandı və artıq "Qəbələ"yə sahib çıxılmasa, sabah "Bakı"nın, "Xəzər-Lənkəran"ın, "Karvan"ın, "Simurq"un, "MKT-Araz"ın və başqa tarixə gömülən klubların aqibətini yaşaya bilər.

Bu mövsüm cəmi bir oyunda olmuşam. Onda da təsadüfən Qəbələdə - qonaqların qələbəsi ilə bitən "Qəbələ" - "Qarabağ" oyununda. Tribunada bir kənarda oturub oyuna tək baxırdım. Matçı izləyənlər arasında çox arıq, bəlkə də anoreksiyadan əziyyət çəkən bir qızcığaz diqqətimi çəkdi. Həmin qaraca qız anası ilə gəlmişdi və "Qəbələ" akademiyasının futbolçularıyla söhbətləşirdi; bir-birini tanıyırdılar, görünür, sadiq azarkeş idi. Bu qızcığaz modellər kimi formada qalmaq üçün dieta tutub anoreksiya olmamışdı. Bu qızcığaz kasıblıqdan, aclıqdan bu görkəmdə idi...

Oyunun sonunda "peraşki" satanlar endirim elan edəndə qızla anası ciblərində olan-qalan qəpik-quruşu verib qarınlarını doydurmağa çalışdılar. Bu səhnəyə baxıb başımı aşağı salmışdım, gözümdən qeyri-ixtiyari yaş gedirdi. "Qəbələ" bəlkə də o qızcığazın yeganə sevinc mənbəyi idi...

...Gözümdən keçən kinolentin finalı sanki Naxçıvanda oldu. Bütün komanda, azarkeşlər, futbolçular, rəhbərlik, "Qəbələ"ni sevən, könül verən hər kəs möhtəşəm bir filmin – "Oskar"lıq bir filmin duyğusal sonu üçün səhnədə idilər...

Daha sonra Avropa Liqasının Bakı finalının kölgəsində qalan mərasim – kubokun Qəbələdə yerli əhaliyə təqdimatı oldu. Klubun Respublika Günündə stadionda təşkil etdiyi belə bayrama icra başçısı təşrif buyurmadı. Deyilənə görə, xaricdəymiş. Səbəbini bilmirəm, təki salamatçılıq olsun. Amma üzürsüz səbəbdisə, deməli, bu rayona futbol lazım deyil...

"Qəbələ" FK-ya isə boz futbolumuza rəng, həvəskar futbolumuza peşəkarlıq, uğursuz futbolumuza uğur gətirdiyi, məğlub psixologiyamızı sındırıb bizi möcüzələrə inandırdığı üçün böyük təşəkkürlər!!!

Anar ŞABANOÄžLU / Futbol+

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest