Dünyanın ən xoşbəxt futbolsevərləri indi Bakıdadı. Paytaxtımızda bayram bayrama qarışıb. Respublika Günü ilə Avropa Liqasının finalının az qala eyni günə təsadüf etməsi, necə deyərlər, ürəyimizin düzlüyündəndi. Əlbəttə, Avropa Liqasının finalı bir gün tez keçirilsə, daha gözəl olardı. Dünya Azərbaycanın Respublika Günündən xəbər tutar, bəziləri bu mövzunu araşdırardı. Nə qədər istəsək də, Azərbaycan hələ ki qitədə və dünyada o qədər də tanınan ölkə deyil.

ölkənin özünü tanımırlarsa, başqa hansısa mövzulardan, problemlərindən xəbərdar olmaları mümkünsüzdü. Bu mənada finalın Respublika Gününə təsadüf etməsi işimizə bir qədər də yarayardı. Amma istənilən halda, Avropa Liqasının finalının Bakıda keçirilməsi Azərbaycan üçün indiyə kimi alternativi olmayan bir təbliğatdı. Finalın mayın 29-da olması isə bayramımızı bir az da uzadacaq. İnanaq ki, nə vaxtsa mayın 28-də çempionlar Liqasının finalını qonaq edərik və ölkəmizin nümayəndələri məhz bu günün üstündə israr edər.

Təəssüf ki, bu günədək Azərbaycanda keçirilən ən böyük idman tədbirini, ən böyük futbol matçını, ən möhtəşəm beynəlxalq miqyaslı hadisəni stadiondan izləyə bilməyəcəm. Şəxsi məsələlərlə bağlı vətəndən kənardayam. Finala aldığım biletləri isə "Ayntraxt"ın azarkeşlərindən ilhamlanıb uşaqlara verdim. Məni o matçda tribunada qardaşoğlum, balaca futbolçu Yusif təmsil edəcək. Finala yüksələ bilməyən frankfurtluların bu jesti Bakı-2019-un ən unudulmaz xatirələrindən olacaq.

ümumiyyətlə, əminəm ki, Bakı finalı yalnız xoş xatirələrlə azarkeşlərin yaddaşında iz buraxacaq. Azərbaycanın artıq yetərincə böyük yarışlar keçirmək təcrübəsi var. Belə bir mötəbər matçın Azərbaycana verilməsinə, yumşaq desək, sevinməyənlər olsa da, bu dəfə də ən yaxşısını edəcəyik. 

Avropa Liqasının finalını Aç-2020 ərəfəsində sınaq matçı da adlandırmaq olar. Bu günədək heç bir idman yarışında, ümumiyyətlə, heç bir tədbirdə heç vaxt Bakıya bir gündə bu qədər turist gəlməyib. Paytaxtımız bu sınaqdan üzüağ çıxacaq, şübhə etmirəm. Baxmayaraq ki, bu turistlər dünyanın ən çılğın futbol fanatları ingilislərdi. Və bu çılğın fanatlar Bakıda London derbisində üz-üzə gələcəklər. Belə bir prinsipial qarşılaşmanın öhdəsindən layiqincə gələ bilsək, gələcəkdə dünya çempionatı daxil heç bir futbol turnirini keçirmək Azərbaycan üçün çətin olmayacaq. Bu bizim üçün çox yaxşı təcrübədi.

"Pis qohumdan yaxın qonşu yaxşıdı" deyiblər. Pis qonşudan kim yaxşıdı - özünüz seçin. Amma etiraf etməliyik ki, qonşularımız finala damğa vura bildi. Henrix Mxitaryan "Arsenal"ın aparıcı futbolçusu deyil, heç əsas heyət oyunçusu da deyil, son xəbərlərə görə, londonlular onu istəmir və yaxın günlərdə başqa kluba keçidi rəsmiləşəcək. Bu məsələnin futbol tərəfi. Yəni anlaşılır ki, Bakı finalında bu adda futbolçunun iştirak etməməsi komandası üçün zərrə qədər də itki deyil. 

Məsələnin mənəvi tərəfi isə daha pisdi. "Arsenal" kimi nəhəng klubda çıxış edən bir futbolçu niyə terrorçulura, işğalçılara, daşnaklara silah, pul və başqa hər cür dəstəyi verməli, Azərbaycanın işğal olunmuş torpaqlarına dəfələrlə bu məqsədlə səfər edib, işğalçılardan orden almalıdı, ümumiyyətlə, niyə başını aşağı salıb işini görmək – futbol oynamaq əvəzinə çirkin siyasi oyunların alətinə çevrilməlidi? Mxitaryan bu yolu özü seçib. Dövlətimizin bütün təhlükəsizlik zəmanətlərinə baxmayaraq, Bakıya gəlməməyi də özü seçdi. Məqsədi, məramı bəlli idi... Hər belə yarışın Azərbaycanda keçirilməsi ölkəmizin adına qələbədi. 2019-cu ilin 29 mayı da Azərbaycanın kiçik qələbəsidi. 

Deyilənə görə, Mxitaryanın beynəlxalq karyerasında, Donetsk "Metallurq"una keçidində, orda gənc yaşında kapitan sarğısı almasında, ümumiyyətlə, legioner karyerasının uğurlu alınmasında Ukraynada yaşayan bir azərbaycanlı iş adamının böyük köməyi olub. O, Henrixə atası Hamletin etmədiyi köməyi edib, dəstəyi verib. Görəsən, həmin həmyerlimiz bilsəydi ki, həmin ayağa qaldırdığı Mxitaryan zaman gələcək 14 aylıq məsum qızcığaz Zəhranı, onun kimi neçə körpəni, uşağı, qadını, qocanı, dinc insanları qətlə yetirən, əsir götürdüklərinə qarşı heç bir insanlıq çərçivəsinə sığmayan vəhşiliklər edən, Azərbaycan torpaqlarını işğal edən terrorçulara maddi, mənəvi dəstək verəcək, onlara silah verəcək, onlardan orden alacaq, nə edərdi?! 

"Arsenal" kimi superklubda çıxış etsə də, dünyəvi futbolçu, ən əsası adam ola bilməyən Mxitaryanın Bakıya gəlməməsi onun daşnak mahiyyətinin növbəti sübutudu. 
Ermənistan hakimiyyətinin quluna çevrilən Henrix bu addımı ilə klubu "Arsenal" və Britaniya hökumətinin Azərbaycan haqda yalan, iftira və böhtanlarla dolu açıqlamalar, bəyanatlarla Avropa Liqasının Bakı finalına, ölkəmizin adına kölgə salmaq istəsə də, düşündüklərinin tam əksini görəcəklər. 


ötən mövsüm Rusiyada keçirilən futbol üzrə dünya çempionatı ərəfəsində də olmazın yalanları, böhtanları yazırdılar. Amma dünya çempionatı başladı, gəlib öz gözləri ilə ölkəni gördülər və Rusiyanı sevdilər, Dç bitəndən sonra belə burdan ayrılmaq istəmirdilər. Bu səbəbdən Rusiya prezidenti Vladimir Putin Dç-yə gəlmiş bütün turistlərin vizasının müddətinin ötən ilin sonuna kimi uzadılmasına qərar verdi. İnanıram ki, Avroliqa finalı üçün Bakıya gələn turistlər də Azərbaycanı sevəcək. 

"Arsenal" və Britaniya hökuməti isə finala qədər atdıqları addımlara, etdikləri hərəkətlərə görə utanacaq, xəcalət çəkəcək. Bu arada "çelsi"yə və onun prezidenti Roman Abramoviçə, sadəcə, "respect" demək istəyirəm. Ən azı futbolu siyasətə qatmaq və bənzər çirkli oyunlarla özlərini əvvəlcədən gözlənilən məğlubiyyətdən "sığortalamaq" cəhdləri etmədikləri üçün!

Güclü olan meydanda qalib gələcək, meydandan kənarda olanlar isə, dediyim kimi, sadəcə, "Arsenal" adına ləkə kimi tarixdə qalacaq.  Nəticədən asılı olmayaraq, bir qalib indidən bəllidi. Biz qalibik! Azərbaycan qalibdi! 29 may bizim qələbə günümüzdü! 

Sonda finalı stadiondan, fanatlar arasından izləyəcək bütün azarkeşləri həmkarım Sənan Şəfizadənin "finala Azərbaycan bayrağı ilə gələk" ideyasını dəstəkləməyə çağırıram. Respublika Günümüzü və finalı bundan gözəl qeyd etmək olmaz! Dünyaya, oyunu izləyəcək 1 milyard insana Azərbaycandan bundan gözəl mənzərə göstərə bilmərik. 
Bayramlarınız mübarək!

 

Anar ŞABANOÄžLU
Futbol+ qəzeti

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest