"Kipr macəramdan sonra məni Azərbaycana dəvət etdilər. İnsanlar Azərbaycanı eşidəndə düşünürlər və "bu nədi?" deyirlər. Ancaq buranın necə yer olduğunu gördükdən sonra müsbət mənada təəccüblənirlər". Matc.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin yarımmüdafiəçisi Bilal Həmdi deyib.

Əlcəzairli futbolçu Fransa mətbuatına müsahibəsində Azərbaycan haqda xoş fikirlər səsləndirib.

O, ölkə çempionatının müsbət və mənfi cəhətlərindən danışıb: "Mənfi hal çox komandanın olmamasıdı. Premyer Liqada 8 klub var. Komandalar mövsüm ərzində bir-biriləri ilə 4 dəfə qarşılaşır. Onların da hamısı Bakıda məşq edir. Bölgə komandaları isə qonşu şəhərlərdədi. Bütün futbolçular paytaxtda yaşayır. Yalnız Qəbələ Bakıdan saat yarımlıq məsafədədi. Digərləri 30-45 dəqiqəlik uzaqlıqda yerləşir. Yerli futbolçuların səviyyəsi pis deyil. Əslində, təslim olmayan oyunçulardı. Texniki baxımdan avropalılar səviyyəsində olmasa da, çox maraqlı elementlər var. Fiziki cəhətdən vəziyyət yaxşıdı. Uşaqlar qaçmaqdan yorulmur, əsla təslim olmurlar. çempionatda oyunlar əsasən qapalı keçir, çox qol olmur".

28 yaşlı vinger Azərbaycan futbolunu əvvəllər oynadığı Fransa və Kiprlə müqayisə edib: "Stadionlarda ot örtüyünün durumunun Fransa Liqa2-si ilə heç bir oxşarlığı yoxdu. Liqa2-də çox oynamışam, qışda fəlakət olur. Kiprdə bunun tam tərsidi: 4-5 peşəkar klub istisna olmaqla qalanlarında vəziyyət qarışıqdı. "Zirə"də iki masajçımız, həkimimiz, hər şeyimiz var. Xoş sürprizlə qarşılaşacağımı demişdilər. Belə də oldu. Həmişə beş ulduzlu otellərdə məskunlaşırıq. Hazırkı klubum Fransa Liqa2-dən tanıdığım klublardan peşəkardı. Bu, daha çox strukturlaşma ilə bağlıdı. O ki qaldı maaşa, vergini klub özü ödəyir. Bu pis deyil. Burda orta əmək haqqı təxminən 300 avrodu. Sizin necə futbol oynadığınızı təsəvvür edə bilirəm. çox rahat yaşayırsınız. Biz əsasən Liqa2 səviyyəsinə uyğun maaş alırıq. Futbolda pul var. Heç bir klubda maaş gecikməsi olmur. Hər şey tənzimlənib".

Həmdi Azərbaycanda təhlükəsizliklə bağlı sualı da cavablandırıb. O, ölkəmizdə hər şeyin ürəyincə olduğunu deyib: "Avropa Liqasının finalı ilə bağlı ölkədə canlanma var. Onlar hər şeyi hazırlayıblar. İki ingilis klubu möhtəşəm stadionda oynayacaq. Bu oyun ətrafında tənqidlər olduğunu bilirəm. Ancaq insanlar gəlib şəhəri görən kimi... Burda "Formula-1" yarışı təşkil edilir. Hər yerdə belə şey olmur. Yeganə problem çox uzaqda olmasıdı. Gəlməzdən əvvəl tanışlardan yaşam səviyyəsini öyrəndim. Dedilər ki, Bakı gözəl şəhərdi. Texnoloji cəhətdən çox inkişaf edib. Bu, həyatın reallığıdı. Ailəm üçün kiçik bir fransız cəmiyyəti var, fransız və ingilis məktəbləri mövcuddu. İnsanlar açıq fikirlidi. Burda yaşayaraq özümü görürəm. Uşaqların təhsili üçün gözəl yerdi. Tam təhlükəsiz ölkədi. Müsəlman ölkəsidi və heç bir problem olmur".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest