Mayın 29-da Bakı Olimpiya Stadionunda "Çelsi" və "Arsenal" klubları arasında keçiriləcək Avropa Liqasının finalı ilə əlaqədar bu gün Dənizkənarı Bulvarda Azarkeş Festivalı start götürüb. Matc.az saytının məlumatına görə, Festivala təşrif buyuranlar arasında ötən illərin məşhur futbolçusu, ingiltərəli Maykl Ouen də olub. İngiltərə yığması, "Liverpul" və Madrid "Real"ının sabiq hücumçusu tədbirdə jurnalistlərin suallarını cavablandırıb.

- Mən daha əvvəl Bakıda olmuşam. İngiltərə millisinin heyətində Azərbaycan yığmasına qarşı oynayıb, qol vurmuşam. Bakı həmin vaxtdan bəri çox inkişaf edib, gözəlləşib, müasirləşib.

- Sizcə, Avropa Liqasının finalında hansı komanda qalib gələcək?

- Hər ikisi ingilis komandasıdı. Çoxlu ingilis fanatlar bu gözəl ölkəyə səfər edəcək və xoş təəssüratlar yaşayacaqlar. Komandaların gücü bir-birinə yaxındı, ona görə də nəsə demək çətindi. Fikrimcə, "Çelsi" bir az daha üstündü. Yaxşı oyun alınacaq.

- Sevimli komandanız hansıdı?

- Əlbəttə ki, mənim sevimli komandam "Liverpul"du. Onlar bu il də Çempionlar Liqasının finalında iştirak edəcəklər. Mən orada uzun illər çıxış etmişəm. İstəyirəm ki, finalda qalib gəlsinlər.

- Avropa Liqasının final matçını harada izləyəcəksiniz?

- İşlərimlə bağlı Madridə gedəcəyəm və növbəti həftə orada olacağam. Avropa Liqasının finalını televizordan izləyəcəyəm.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest