Bu gün keçmiş SSRİ-nin tanınmış qapıçısı, bir müddət "Neftçi"də də çıxış etmiş Vyaçeslav çanovun ad günüdü. Matç.az saytı xəbər verir ki, ukraynalı həmkarlarımız əslən bu ölkədən olan qolkiperin 66 yaşına xüsusi yazı hazırlayıb.

Ali təhsil almağı qapıçılıq qədər gözəl bacaran və 4 diploma sahib olan çanovun bu ustalığına həsr edilən məqalə "Dünyanın ən təhsilli futbolçuları" kimi qələmə alınıb. Siyahıda bir neçə diploma malik və ancaq tanınmış futbolçular yer alıb.

Təbii ki, 2-3-cü dərəcəli futbol ölkələrinin oxumuş oyunçuları barədə məlumat əldə etmək heç də asan deyil. Bu üzdən də əsasən elitanı əks etdirən yazıda braziliyalı Sokrates, ispan Xuan Mata, yapon Yuto Naqatomo, italiyalı Corco Kyellini, ingiltərəli Frank Lempard, ukraynalı Valeri Lobanovski kimi tanınmışlar da yer alıb.

4 diplomlu çanovu dünya rekordçusu hesab edən ukraynalılar onun "Neftçi"də oynadığı vaxt təhsilə marağını da əsaslandırıb: "Yəqin ki, çanov bütün dövrlərin və bütün xalqların ən təhsilli futbolçusudu. Ən azı onun diplomlarının sayı inanılmaz dərəcədədi. Elm yollarında ayaq döyməyə Donetskdə başlayan qapıçı Sovet Ticarəti İnstitutunun Mühasibat uçotu ixtisasını bitirib. Elə həmin şəhərdə universitetdə jurnalist diplomu da alıb. Bakıda oynayarkən "darıxdığından" Bədən Tərbiyəsi İnstitutunda oxumağa başlayıb. Düzdü, ali təhsilini sonra eyni profilli Moskvaətrafı Malaxovkada başa vurub. Əlbəttə ki, onun təhsil "çələng"inin bəzəyi paytaxtdakı Ali Partiya Məktəbi olub. çanov Partiya quruculuğu ixtisasını oxuyub və MOİK-də partiya təşkilatçısı vəzifəsi qazanıb".

Qeyd edək ki, çanov 1985-86-ci illərdə "Neftçi"də çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest