Bu gün Azərbaycan kubokunun finalıdı. Tarixdə ilk dəfə bu titul yeni bir komandaya qismət olacaq. Həm "Qəbələ", həm də "Sumqayıt" kuboka layiqdi, təəssüf ki, onlardan yalnız biri bu gün Naxçıvanda sevinəcək.

Kuboku ən çox - 7 dəfə qazanan, futbolumuzun ən qocaman klubu "Neftçi" bu mövsüm hələ qış fasiləsinə kimi ən azı büdcəsinə və oyunçularının qiymətinə görə özündən çox geridə qalan hazırkı finalçı "Sumqayıt"a boyun əydi. Halbuki, komanda ötən mövsüm indikindən qat-qat az büdcə və daha zəif futbolçularla finalın bir addımlığında dayanmışdı. özü də necə?!

Bu mövsümlə bərabər "Neftçi"də növbəti mərhələnin sonuna gəlindi. "Xalq komandası" yenə də ciddi islahatların astanasındadı. "Sumqayıt"dan böyük ümidlərlə gətirilən Kamran Quliyev "başqa çəki dərəcəsində" mübarizə aparan keçmiş komandasına həm kubokda, həm də çempionatda uduzub mövsümü titulsuz başa vurdu. Kamran müəllim gözəl bilir ki, "Sumqayıt" üçün mövsümü titulsuz bitirmək uğursuzluq sayılmazdısa, "Neftçi"də hər şey tam fərqlidi.

Quliyevin gəlişindən sonra yeni prezidentin iş qabiliyyətinə və təmizliyinə güvənib kisənin ağzını açan SOCAR bunun qarşılığında mövsümün sonu titullar və hazır baza gözləyirdi. Söz vermək üzrə ölkə çempionu olan Kamran Quliyev vədlərinə əməl edə bilmədi. Səbəblər çoxdu. Kaş baza üçün ayrılan büdcə keyfiyyətsiz transferlərə xərclənməzdi və ümdə məqsəd başqa olaydı…

Əgər həmin keyfiyyətsiz transferlər komandaya qızıl qazandırsaydı, bəlkə də xərclənən pulları çempionlar Liqasında geri qaytarmaq olardı. Amma bu futbolçular nəinki, "Neftçi"ni çempionlar Liqasına yüksəldəcək potensialdadı, heç komandanın əsas heyətinə düşə bilmirlər…

Təsadüfi deyil ki, ötən mövsüm komandanın ən yaxşı legioneri İqnasio Erreranı, ən yaxşı qapıçısı Rəşad Əzizlini göndərən rəhbərlik özlərinin gətirdiyi tək-tük uğurlu futbolçulardan biri Dario Frederikonu belə çempionluq uğrunda mübarizənin qızğın vaxtı saxlaya bilmədi.

Kamran Quliyevin məqsədinin ilk işartıları ötən mövsüm görünürdü. Hazırın nazirinə qonan "xarizmatik" prezident bir gündə kreslosunu ələ keçirdiyi eks-prezident Orxan Hüseynzadənin dövründə qazanılan kubok yarımfinalında məntiqlə komandaya dəstək verməli idi. Amma tam əksi oldu, gəldiyi gündən büdcəsinə görə bugünkü heyətdən qat-qat aşağı heyətlə həm kubok, həm də medal mübarizəsi aparan baş məşqçi Tərlan Əhmədovla ulduzları barışmayan, millimizin keçmiş kapitanını gözüm-çıxdıya salan, futbolçular arasında gözdən düşməsi üçün əlindən gələni əsirgəməyən Quliyev kubokun yarımfinalında səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə udandan sonra kubokun bir addımlığında olduqlarını gözəl dərk edirdi. Evdə istənilən hesablı heç-heçə, hətta 0:1 hesabı ilə məğlubiyyət "Neftçi"ni finala çıxaracaqdı. "Qəbələ"ni keçən kollektivin finaldakı rəqib "Keşlə"ni asanlıqla məğlub edəcəyi şübhə doğurmurdu.

"Qəbələ" ilə evdəki oyun da çox uğurlu başlamışdı, "Neftçi" 1:0 hesabı ilə önə keçmiş, üfüqdə kubok görünmüşdü. Amma nə oldusa bundan sonra oldu. Gözlənilmədən "flaqman"ın futbolçuları "boşaldı" mövsümün ən yaxşı müdafiəçiləri və qapıçı Rəşad Əzizli uşaq səhvləri buraxdı. Nəticədə 1:3 hesablı məğlubiyyət və əlvida, kubok…

Amma Kamran müəllim üçün bu məğlubiyyət göydəndüşmə idi. Məlum oldu ki, oyundan əvvəl Kamran müəllim futbolçuları tək-tək çağıraraq müqavilələri haqda söhbət edib, bəzilərinə özünə yeni klub axtarmağı məsləhət bilib, bəzilərinə maaşlarının azaldılacağını bildirib. Kubok yarımfinalının cavab qarşılaşması öncəsi, finalın və demək olar ki, kubokun bir addımlığında olan vaxt Kamran Quliyev kimi prezidentdən futbolçulara "gözəl motivasiya" idi... 

Bordindən fərqli "mən transfer işlərinə qarışmıram" açıqlaması ilə dünyada gülüş obyektinə çevrilməyən Tərlan Əhmədovun "torbası tikilmişdi". üç min manat maaş və ucuz futbolçularla komandaya kubok və medal qazandıran baş məşqçi sərf etmirdi. Ayda otuz min avro veriləcək Roberto Bordin kimi "dahi" (sizcə, bu pulun neçə faizi italyana çatır?), onun İtaliyanın üçüncü liqasından gətirdiyi və mövsümə 2 qol vuran "bombardir" həmyerlisi 32 yaşlı Canluka Sansone, Braliç, Paratski, Karikari, Raku kimi "otxod" legionerlərdən qalacaq "xatirə" hər şeydən daha önəmli idi.

"Neftçi" bu günlərdə gülməli maliyyə hesabatı açıqlayıb. Həqiqəti isə bir Kamran müəllim bilir, bir də onun hamiləri, şərikləri və s. Amma Kamran Quliyev gələndən sonra xərclənən pulların geniş və şəffaf hesabatı açıqlansa hər şey aydınlaşar. Bu "otxod" transferlərə adbaad nə qədər pul xərclənməsi, bazanın tikintisinin niyə yarımçıq qalması və başqa məsələlər bilinər.

Hələliksə, "flaqman"ın əksər azarkeşləri Tərlan Əhmədovun həsrətini çəkir... (ardı var)

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest